ATİ tələbəsi Beynəlxalq Tələbə Elmi Festivalında birinci yerə layiq görülüb

Bu yaxınlarda Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetində Beynəlxalq Tələbə Elmi Festivalı keçirilib. Beynəlxalq tədbirdə ölkəmizi müvafiq nazirlik və müxtəlif ali təhsil ocaqlarının nümayəndələri, o cümlədən ATİ-nin Tədris işləri üzrə prorektoru Eldar Aslanovun rəhbərliyi ilə institutun 4 tələbəsi - Ülvi Cəlilov, Sona Qəti, Ağamir Ağamirov və Nahidə Abdullayeva təmsil ediblər.

ATİ-nin prorektoru Eldar Aslanov SİA-ya verdiyi məlumatda bildirib ki, beynəlxalq Tələbə Elmi Festivalının keçirilməsində məqsəd nüfuzlu jüri heyətinə yeni ideyalar təqdim etməkdir: \"Bu festivalda iştirak edən tələbələrimiz ayrı-ayrılıqda 4 yeni ideya ilə çıxışları zamanı texniki üstünlüyə əsaslanmaqla, yaradıcı yanaşmalara xüsusi mövqe sərgiləyiblər. Tələbələrin yeddi dəqiqəlik təqdimatları xüsusi balla qiymətləndirilib. Bu zaman tələbə-iştirakçıların təqdimatındakı ideyanın məzmunu, bədii qiraət və natiqlik qabiliyyəti əsas göstərici sayılıb. 40 nəfərdən çox tələbənin iştirak etdiyi beynəlxalq festivalın ikinci günü xüsusilə yadda qalan olub. Tədbirə qatılan bir qrup tələbə Amerika Birləşmiş Ştatlarından gətirilmiş yeni texniki vasitələrin quraşdırılması və yeniliklərin tətbiqi sahəsində bacarıqlarını nümayiş etdiriblər. Bu yarışmada ATİ-nin Turizm və otelçilik ixtisasının ikinci kurs tələbəsi Ülvi Cəlilov yüksək bal toplayaraq birinci yerə layiq görülüb. İnstitutun daha iki tələbəsi həvəsləndirici mükafat alıb\".

ATİ-nin Tədris işləri üzrə prorektoru Eldar Aslanov səfər çərçivəsində Doğu Akdeniz Universitetinin rektoru, professor Dr. Abdullah Öztoprakla iki ali məktəb arasındakı əməkdaşlığın perspektivlərini müzakirə edib, Turizm fakültəsinin təşkil etdiyi ənənəvi turizm şənliklərinin qonağı olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə