Ümummilli lider Heydər Əliyevin doğum günü Təhsil Nazirliyində qeyd edilib - YENİLƏNİB (FOTOLAR)

Bu gün Təhsil Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə rejissor, xalq artisti Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyevə həsr etdiyi iki sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, filmdə ulu öndər Heydər Əliyev haqqında həqiqətlər çox yüksək səviyyədə göstərilib. Nazir gənclərə, gələcək nəslə Heydər Əliyevin həyat və yaradıcılığını öyrənməklə bağlı materiallara, bu kimi filmlərə baxmağı tövsiyyə edib. M.Mərdanov həmçinin vurğulayıb ki, Vaqif Mustafayevin filmlərinin təhsil müəssisələrində dərsdən kənar prosesdə ümummilli liderin həyat və fəaliyyəti ilə məktəblilərin tanış olmaları üçün yayılması nəzərdə tutulur: "Biz düşünürük ki, belə filmlərin tirajı daha da çoxalsın, məktəblərə, universitetlərə və kitabxanalara daha çox yayılsın. Bütün bunlar isə məktəblilərin, tələbələrin Heydər Əliyev irsinin daha çox öyrənilməsində böyük rol oynayacaq".

Tədbirin davamında filmlərin müəllifi, xalq artisti Vaqif Mustafayev ulu öndərlə bağlı xatirələrini bölüşüb.

Qeyd edək ki, Təhsil Nazirliyi bu çərçivədə silsilə tədbirləri davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə