Tədbirdə ADU-nun rektoru Səməd Seyidov, Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət Həsənova, səhiyyə naziri Oqtay Şirəliyev və Universitetin tələbələri iştirak edib.
Mərasimi giriş nitqi ilə açan millət vəkili Məlahət Həsənova dahi öndərin Azərbaycana və Azərbaycan xalqına göstərdiyi diqqət və qayğıdan, eləcə də ölkəmizin inkişafı istiqamətində onun atdığı uğurlu siyasi addımlardan danışıb.
Qeyd olunub ki, 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu gün, tarixə \"Milli Qurtuluş Günü\" kimi daxil oldu. İyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyevin təşəbbüsü, qətiyyəti, əzmkarlığı və uzaqgörənliyi nəticəsində 1994-cü ilin may ayının 12-də Ermənistanla atəşkəs haqqında razılaşma əldə olundu, beş ildən artıq davam edən hərbi əməliyyatlar dayandırıldı, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ilkin şərait yarandı. Daha sonra ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən ADU-nun rektoru Səməd Seyidov deyib ki, məhz dahi lider Heydər Əliyevin səyi nəticəsində ADU-nun yaranmasına təşəbbüs göstərildi: "1972-cü ildən SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutu kimi müstəqil fəaliyyət göstərir. İlk dövrdən ali məktəb xarici dillər üzrə müəllim və tərcüməçi kadrlar hazırlayıb. Bundan əvvəlki dövrdə Dillər İnstitutu Rus dili və Ədəbiyyatı İnstitutu ilə vahid ali məktəb kimi fəaliyyət göstərib. Ötən dövr ərzində institutun maddi texniki bazası, elmi-pedaqoji kadr potensialı, kafedra, fakültə və ixtisaslarının keyfiyyət və kəmiyyət göstəriciləri xeyli yüksəlib. İnstitutda tələbələrin təlim tərbiyəsi ilə 600-ə yaxın müəllim, o cümlədən 37 nəfər professor, 157 nəfər dosent, 211 nəfər baş müəllim, 157 nəfər müəllim məşğul olur".
Qeyd edək ki, tədbirdə həmçinin Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi, araşdırılması və gənclər arasında təbliği məqəsdilə keçirilən inşa-yazı müsabiqəsinin nəticələri elan olunub. Yazı müsabiqəsinin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb, partiyaya yeni qəbul olunmuş üzvlərə üzvülük vəsiqələri təqdim olunub və YAP Nəsimi rayon təşkilatının bir qrup fəal üzvü tərəfindən bədii proqram təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB