Təhsil Nazirliyində Vaqif Mustafayevin II hissəli filminin nümayişi olub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı Təhsil Nazirliyində Vaqif Mustafayevin II hissəli filminin nümayişi olub. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, filmdə ulu öndər Heydər Əliyev haqqında həqiqətlər çox yüksək səviyyədə göstərilib.

"Gənclərimizə, gələcək nəslə Heydər Əliyevin həyat və yaradıcılığını öyrənməklə bağlı materiallar lazımdırsa, bu filmlərə baxmağı tövsiyyə edirik",- deyə nazir qeyd edib.

M.Mərdanov həmçinin bildirib ki, Vaqif Mustafayevin filmlərinin təhsil müəssisələrində dərsdən kənar prosesdə ümummilli liderin həyat və fəaliyyəti ilə məktəblilərin tanış olmaları üçün yayılması nəzərdə tutulur.

"Biz düşünürük ki, belə filmlərin tirajı daha da çoxalsın, məktəblərə, universitetlərə və kitabxanalara daha çox yayılsın. Bütün bunlar isə məktəblilərin, tələbələrin Heydər Əliyev irsini daha çox öyrənilməsində böyük rol oynayacaq",- deyə nazir sözlərinə əlavə edib.


Qeyd edək ki, Təhsil Nazirliyi bu çərçivədə silsilə tədbirləri davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə