“Elektron Təhsil” Respublika müsabiqəsində 396 layihə iştirak edir

“Elektron Təhsil” Respublika müsabiqəsində 396 layihə iştirak edir

Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən keçirilən "Elektron Təhsil" Respublika müsabiqəsində 396 layihə qeydiyyata alınıb. İKT Mərkəzindən SİA-ya verilən xəbərə görə, "Elektron təhsil resursları" istiqaməti üzrə 252, "Təhsildə internet texnologiyaları" istiqaməti üzrə isə 32 layihə müsabiqədə artıq iştirak edir. Müsabiqənin I mərhələsində qəbul edilməyən resursların sayı 99-dir.

Müsabiqə "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilir və Microsoft Azərbaycan, Intel korporasiyasının "Gələcək üçün təhsil" proqramı, AZEDUNET, Ultra, HP, MƏDƏD təşkilatları və Nar Mobile tərəfindən dəstəklənir. Müsabiqənin rəsmi İnternet-səhifəsi www.musabiqe.edu.az ünvanında yerləşdirilmişdir və tam olaraq bütün məlumatları özündə cəmləşdirmişdir. Veb-saytda müsabiqədə iştirak üçün qeydiyyat sadələşdirilib. Belə ki, müsabiqənin rəsmi İnternet səhifəsində (www.musabiqe.edu.az ) 2227 müəllim, 634 tələbə, 1610 şagird, 150 valideyn qeydiyyatdan keçib.

Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisinin müavini Ayaz Abuşovun sözlərinə görə, 2012-ci ildə təqdim olunan layihələr digər illərlə müqayisədə daha peşəkar təsir bağışlayır. Fikir mübadiləsi aparmaq istəyənlərinin sayının 4 min nəfərdən çox olması müsabiqəyə olan marağı təsdiqləyir və Azərbaycanın təhsil sistemində informasiya texnologiyalarının tətbiqinin davamlı olaraq genişləndiyini göstərir.

Müsabiqədə regionlarda yerləşən məktəblərin müəllimlərin İKT-dən istifadəsini dəstəkləmək üçün xüsusi olaraq "Elektron Təhsil" Respublika Müsabiqəsində iştirak edən "ən aktiv region məktəbi" nominasiyası müəyyən edilib. Bu nominasiya üzrə üç ən aktiv məktəb seçiləcək. İki mərhələdə keçiriləcək səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olan Münsiflər Heyəti aparacaq. Layihələrin qəbulu mayın 15-də başa çatır. Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.

Qeyd etmək lazımdır ki, müsabiqə artıq üçüncü ildir keçirilir. 2010 və 2011-ci illərdə keçirilən müsabiqədə ümumi olaraq 1400-dən çox layihə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə