Dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsahibə elan edilib

Dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsahibə elan edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya aprelin 26-da 11 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 44 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edilib.
Komissiyadan SİA-ya verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 41-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında və yerli təşkilatlarında, 3-ü isə məhkəmə hakimiyyəti orqanlarının aparatlarındadır.
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında həmin inzibati vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır), azı 5 il qulluq stajı olan və dövlət orqanında həmin vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları tələb olunan sənədləri 20 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.
Ətraflı məlumat "Respublika" qəzetinin 2012-ci il 27 aprel tarixli sayında və həmin tarixdən Komissiyanın rəsmi internet saytında veriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə