Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən ilə "31 may – Ümumdünya Tütünsüz Günü"nə həsr olunmuş "Tütünsüz həyat: Sən özün yarat!" şüarı altında fotomüsabiqə keçirilir. İctimai Səhiyyə və İslahatlar Mərkəzindən SİA-ya verilən xəbərə görə, müsabiqə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və "İRƏLİ" İctimai Birliyinin təşkilati dəstəyi ilə təşkil olunur.
Müsabiqədə peşəkarlar və həvəskarlar iştirak edə bilərlər. Təqdim olunacaq fotoşəkillərdə tütünə qarşı mübarizənin zəruriliyi, tütünçəkmənin və tütün tüstüsünün təsirinin zərərləri ilə bağlı məsələlər öz əksini tapmalıdır. Müsabiqəyə təqdim olunacaq fotoşəkillərin sayına məhdudiyyət qoyulmur. Fotoşəkillər 2012-ci il aprelin 24-dən mayın 24-dək JPG formatda, 1-4Mb həcmində İSİM-in [email protected] elektron ünvanına göndərilməlidir. Göndərilən elektron məktubda fotoşəkilin müəllifinin adı, soyadı, atasının adı, yaşı, əlaqə telefonu göstərilməlidir. Fotoşəkili müsabiqəyə təqdim etməklə onun müəllifi bu müsabiqənin şərtləri ilə razılaşmış hesab olunur. Müsabiqəyə həm rəngli, həm də ağ-qara fotoşəkillər təqdim oluna bilər.
Müsabiqədə seçilmiş fotoşəkillərin nümayişi və qaliblərin mükafatlandırılması 31 may tarixdə keçiriləcək. Müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən seçiləcək. Müsabiqəyə təqdim olunan hər bir fotoşəkil kodlaşdırılacaq və münsiflər heyəti üzvləri I, II və III yerlərin müəyyənləşdirilməsi üçün həmin kodlar üzrə fotoşəkilləri 10 bal şkalası ilə qiymətləndirəcəklər. Müsabiqəyə təqdim olunan seçilmiş fotoşəkillər mayın 25-də İSİM-in Facebook səhifəsində yerləşdiriləcək və mayın 30-da saat 12:00-dək ən çox səs yığan fotoşəkilin müəllifi xüsusi hədiyyə ilə təltif ediləcək. Müsabiqənin ilk 10 yerini tutmuş iştirakçılar sertifikatlarla, I, II və III yerləri tutmuş qaliblər, eləcə də müvafiq olaraq 300, 200 və 100 AZN məbləğlərində pul mükafatları ilə təltif olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB