\"Zəngi\" liseyində uğur qazanan şagirdlərlə görüş keçirilib - FOTO

\"Zəngi\" liseyində uğur qazanan şagirdlərlə görüş keçirilib - FOTO

Bakının Nizami rayonunda yerləşən \"Zəngi\" liseyində bu ilinin ötən dövrü ərzində müxtəlif yerli və beynəlxalq yarışlarda, olimpiadalarda fərqlənən, medal və diplomlara layiq görülən şagirdlərlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən \"Zəngi\" liseyi Valideyn-Müəllim Assosiasiyasının prezidenti Vüqar Rəhimzadə bildirib ki, ötən tədris ili ümumilikdə lisey üçün uğurlu olub, əlamətdar hadisələrlə yadda qalıb.

\"Bildiyiniz kimi, artıq bir neçə ildir ki, Bakı şəhərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, \"Çağ\" Öyrətim Şirkəti və \"İNEPO-AVRASİYA\" Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Layihə Olimpiadası keçirilir. Bu il də aprel ayının 6-7-də dünyanın müxtəlif ölkələrini təmsil edən şagirdlər bu yarışda iştirak etmək üçün növbəti dəfə Bakıya toplaşıblar. Belə ki, 42 ölkədən 400-ə qədər şagird olimpiadada iştirak etmək hüququ qazanıb. Olimpiadaya təqdim edilən xarici ölkələrdən 350 layihədən 130-u, Azərbaycan daxilindən isə 294 layihədən 60-ı münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticədə Azərbaycan bu yarışda 4 qızıl, 12 gümüş və 17 bürünc medal qazanıb. Sevindirici haldır ki, qaliblər arasında \"Zəngi\" liseyinin şagirdləri də var. Mən onları təbrik edirəm və bundan sonra olimpiadada məktəbimizi təmsil edəcək qaliblərin sayının artacağına inanıram\", deyə V.Rəhimzadə bildirib.

Qeyd edək ki, \"Zəngi\" liseyinin şagirdləri Fidan Abdullayeva və Rauf Rəhimzadə olimpiadada \"Şərq fıstığının ekoloji sirləri\" mövzusunda mükafatçılar sırasına daxil olublar.

Sonra digər sahələr üzrə qalib adını qazanan şagirdlərin adları açıqlanıb. Məktəbin şagirdi Vüsalə Babayevanın 2011-ci ildə Bolqarıstanda keçirilmiş musiqi festivalının \"Qran Pri\" mükafatına layiq görüldüyü bildirilib. Ona görə də onun adı dövlət başçısının imzaladığı sərəncama əsasən gənc istedadlara xüsusi təqaüdlərin verilməsi siyahısına daxil edilib.

Mərasimdə respublika fənn olimpiadalarında qalib gələn şagirdlərin adları açıqlanıb. Bildirilib ki, Aytac Dəmirçibəyli biologiya fənni üzrə I, Adil Rəşidli riyaziyyat fənni üzrə III, Səlim Rəhimzadə Azərbaycan dili fənni üzrə IV yerə layiq görülüb. Nigar Nəcəfova isə olimpiadanın şəhər turunun qalibi olub.

Bu il \"Şahinlər\" hərbi-idman oyunlarında liseyin komandası uğurla iştirak edib. Mərasimdə komandanın üzvlərinə də hədiyyələr təqdim olunub. Liseyin şagirdi Səadət Zəkiyeva isə yazıçı Mirzə İbrahimovun və Mirzə Ələkbər Sabirin yubileyinə həsr edilmiş inşa müsabiqələrində çıxış edərək respublika üzrə üçüncü yerə layiq görülüb. Digər şagidrlər Ramin Quluzadə və Vüqar Hacıyev isə 12 aprel Kosmonavtika gününə həsr edilmiş təqdimat müsabiqəsində ən yaxşı təqdimat hazırladıqlarına görə təltif olunublar. İstedadlı şagirdlərdən biri olan Kamran Məmmədov isə Ankara şəhərində keçirilmiş cüdo yarışında ikinci yeri qazanıb. Qeyd edək ki, bütün bunlar \"Zəngi\" liseyinin 2011-2012-ci ildə əldə etdiyi uğurlar sırasındadır.

Tədbirdə çıxış edən \"Zəngi\" liseyinin direktoru Bayram Heydərov və bəzi fənn müəllimləri məktəbin kollektivinin əldə etdiyi uğurlardan, qarşıda duran vəzifələrdən danışıblar.

Sonda məktəb şagirdlərinin ifasında maraqlı musiqi nömrələri səsləndirilib.


\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə