Orta məktəb dərsliklərinin monitorinqi ilə əlaqədar TQDK-da müvafiq şöbə yaradılacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən dərsliklərin monitorinqi yalnız qəbul aparılan imtahan fənləri üzrə deyil, orta məktəblərdə istifadə olunan bütün dərsliklər və müəllimlər üçün nəzərdə tutulan vəsaitlər üzrə aparılacaq. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bu il çap olunan dərsliklərin monitorinqi yalnız onlar işıq üzü gördükdən sonra həyata keçiriləcək. Amma gələcəkdə dərsliklərin və müəllimlər üçün vəsaitlərin layihələri təqdim olunduqda monitorinqin keçiriləcəyini deyən komissiya sədri qeyd edib ki, bununla da həmin vəsaitlərdə səhvlərin çap olunmasının qarşısı əvvəlcədən alınacaq.
"İndiyə kimi TQDK dərsliklərin monitorinqi ilə bağlı işin bir hissəsini görüb. Bundan sonra isə bu sahədəki işlərimiz bir qədər də genişlənib. İndiyədək dərsliklərdə olan səhvlər ona görə TQDK-nın elmi-metodiki seminarlarında müzakirə olunurdu ki, həmin səhvlər qəbul imtahanlarının məzmununa təsir göstərir. İmtahan suallarını formalaşdırdıqda bu səhvlərlə üz-üzə gəlirdik. Ona görə də biz əvvəlcədən abituriyentlərə elan edirdik ki, əvvəlcədən imtahanlara hazırlaşanda düzgün məlumatlardan istifadə etsinlər. Dərsliklərin monitorinqi keçirildikdə həmin nəşrlərin müəllifləri TQDK-nın seminarlarına dəvət olunacaq və pedaqoji heyətin suallarına cavab verəcəklər. Ola bilsin ki, seminarlarda o, öz səhvini əsaslandıra bilsin. Amma geniş tərkibli elmi-metodiki şuralar bunu səhv hesab edə bilər", - deyə M.Abbaszadə əlavə edib.
TQDK sədri qeyd edib ki, orta məktəb dərsliklərinin monitorinqi ilə əlaqədar qurumda müvafiq şöbə yaradılacaq. Onun sözlərinə görə, sentyabr ayında mövcud olan bütün dərsliklərin monitorinqi haqqında ictimaiyyətə məlumat veriləcək və komissiya bununla bağlı təkliflərini də müvafiq qurumlara təqdim edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB