Təhsil Nazirliyinin bir sıra səlahiyyətləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) verildikdən sonra komissiya ilk rəsmi münasibətini açıqlayıb. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, cari ildən etibarən respublikanın bütün şəhər və rayonlarında (Naxçıvan MR istisna olmaqla) ümumi orta təhsil müəssisələrində ümumi (9 illik) və tam (11 illik) orta təhsilini başa vuran gənclərin yekun buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada TQDK tərəfindən aprılacaq. Komissiya tərəfindən bu istiqamətdə kompleks tədbirlər həyata keçirilir. İmtahan mərkəzlərinin müəyyənləşdirilməsi, imtahan rəhbərləri, zal nəzarətçilərinin bu imtahanlara hazırlığı, test bankının, proqram təminatının formalaşdırılması, eləcə də təşkilati işlərlə bağlı genişmiqyaslı hazırlıq işlərinə başlanıb. TQDK sədrinin müvafiq əmri ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyindən buraxılış imtahanları üçün istifadə olunan maddi-teхniki avadanlığın və elektron məlumat bazasının təhvil alınması üçün xüsusi komissiya yaradılıb.
Buraxılış imtahanları 2012-ci ilin iyun ayında bütün şəhər və rayonlarda, imtahan verənlərin 50 km-dən artıq məsafə qət etməmələri təmin olunmaqla keçiriləcək. Ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları test üsulu ilə yalnız 2 fənn üzrə - ana dili və riyaziyyat fənlərindən keçiriləcək. İmtahan 2 saat müddətində aparılacaq. Hər bir fənn üzrə 30 test tapşırığı (cəmi 60 sual) təqdim olunacaq və bu sualların cavablandırılmasına 1.5 saat vaxt ayrılacaq. Son 30 dəqiqə ərzində isə iştirakçılar təqdim olunacaq mövzu üzrə yazı işini yerinə yetirəcəklər. Test suallarının hər biri 1 balla qiymətləndiriləcək, səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. Yazı işinin nəticəsi balla qiymətləndirilməyəcək, yalnız xüsusi hallarda əlavə göstərici kimi nəzərə alınacaq. Buraxılış imtahanlarının keçirilmə qaydaları, imtahanda istifadə olunacaq testlərə dair nümunələr və digər zəruri məlumatlar may ayının ortalarınadək "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc ediləcək. Qəbul imtahanlarının keçirilmə vaxtı dəyişdirilib.
Buraxılış imtahanları ilə bağlı TQDK-nın tədbirlər planında müəyyən dəyişikliklər edilib. Belə ki, qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün iyunun 3-də və 10-da keçirilməsi nəzərdə tutulmuş sınaq imtahanları hələlik təxirə salınır.
Bundan əlavə, qəbul imtahanlarının elan olunmuş keçirilmə ardıcıllığı saxlanılsa da, vaxtları dəyişdirilib. İlk qəbul imtahanı iyulun 8-də III ixtisas qrupu üzrə keçiriləcəkdir. İyulun 14-də I qrup üzrə, 20-də IV qrup üzrə, 27-də isə II ixtisas qrupu qəbul imtahanlarının aparılması nəzərdə tutulur. Qabiliyyət imtahanlarının keçirilmə cədvəlində də dəyişikliklər olacaq. Bununla bağlı əlavə məlumat yaxın vaxtlarda elan ediləcək.
TQDK buraxılış və qəbul imtahanlarına hazırlaşan gənclərə, onların valideynlərinə müraciət edərək bəzi işbazların onların etibarından istifadə etmələrinə, əsassız vədlər verməsinə inanmamağa çağırır. Qeyd edirik ki, istənilən şəxsin imtahan nəticələrinə müdaxilə etməsi texnoloji cəhətdən mümkün deyildir və belə hərəkətlər dələduzluq kimi qiymətləndirilərək cinayət məsuliyyəti yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB