"Bu il attestat ala bilməyən məzunların sayının artıb-artmayacağını hələ deyə bilmərik. Ümid edirik ki, əvvəlki illə müqayisədə attestat ala bilməyən məzunların sayı artmayacaq". SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, buraxılış imtahanlarında ana dili və riyaziyyat fənlərindən qiymət ala bilməyən abituriyentlərin qəbul imtahanlarında iştirak etməsinə ehtiyac yoxdur: "Attestat almaq üçün qoyulan bu ilki meyarlar gələcəkdə qoyula biləcək meyarlardan çox aşağıdır. Bu baxımdan mənə elə gəlir ki, builki məzunların bəxti gətirib".
TQDK sədri qeyd edib ki, buraxılış imtahanlarının keçirilməsi ilə bağlı qaydalar Azərbaycan Nazirlər Kabinetində təsdiqləndikdən sonra bu barədə ictimaiyyətə daha geniş məlumat veriləcək. Attestat ala bilməyən əvvəlki illərin məzunları üçün də imtahanların keçirilməsinin nəzərdə tutulduğunu deyən M.Abbaszadə qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən məzunlarla bağlı məlumat bazası TQDK-ya təqdim edildikdən sonra onun əsasında imtahanların günləri müəyyənləşdiriləcək. Komissiya sədri vurğulayıb ki, buraxılış imtahanlarını verə bilməyən orta məktəb məzunları üçün təkrar imtahanın ən azı 3 aydan sonra keçirilməsi nəzərdə tutulur.
TQDK sədri attestat ala bilməyən məzunlarla bağlı iş aparılmasını da vacib sayıb. Onun fikrincə, belə məzunlarla bağlı xüsusi kurs təşkil oluna və ya dövlət proqramı hazırlana bilər: "Ali məktəblərə qəbul imtahanlarında yüksək səviyyəli suallar qoyulur. Ona görə də çox sadə imtahanlarda "0" bal alıbsa, o, qəbul imtahanlarında iştirak edəcəyini deyə bilməz. Əgər belə uşaqların sayı çoxdursa, biz gərək onlarla bağlı xüsusi Dövlət Proqramı hazırlayaq, kurslar keçirək. Bəlkə xüsusi kurslar təşkil etmək lazımdır ki, onlar orada 3-4 ay məşğul olsunlar və yenidən təkrar imtahana gəlsinlər. Bunların hamısını buraxılış imtahanları keçirildikdən və araşdırmalar aparıldıqdan sonra qeyd edə biləcəyik. Təbii ki, əlifbanı bilməyən, sadə mətni oxumaqda çətinlik çəkən insan attestat ala bilməz".Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB