Buraxılış imtahanlarına müdaxilə etmək istəyən məktəb direktorlarına xəbərdarlıq edilib
"Buraxılış imtahanlarına müdaxilə etmək istəyən məktəb direktorlarına xəbərdarlıq edilib". SİA-nın verdiyi xəbərə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, indiyə qədər bəzi orta məktəb direktorlarının adları buraxılış imtahanlarına müdaxilədə və korrupsiyada hallandırılsa da artıq buna son veriləcək: "Bütün direktorlar və təhsil ictimaiyyəti bilsin ki, imtahanlar tam şəffaf olacaq. Kimsə bunu etsə, qanun qarşısında cavab verəcək".
Bu il ali məktəblərə buraxılış imtahanlarını çox şəffaf keçirəcəklərini deyən TQDK sədri valideynlərə də müraciət edib: "Əgər indiyə qədər nə isə xoşagəlməz hadisə baş veribsə, bundan sonra belə hallar baş verməyəcək. Belə hallar törətmək istəyənlərə qarşı çox ciddi tədbirlər görüləcək".
TQDK sədri həmçinin qeyd edib ki, gələn il həm buraxılış, həm də ali məktəblərə qəbul imtahanları ilə bağlı müvafiq dəyişikliklər aparılacaq. Onun sözlərinə görə, bu dəyişikliklərin konkret nədən ibarət olduğu hələ müəyyən edilməyib.
M. Abbaszadə orta məktəblərə buraxılış imtahanlarının yalnız iki fənn ana dili və riyaziyyat üzrə keçirilməsini də şagirdlərin xeyrinə atılmış addım kimi qiymətləndirib.
İmtahan suallarının asan olacağını vurğulayan TQDK sədri: "İndiyədək şagirdlərin buraxılış imtahanlarına yardımçı vasitələr keçirməsi mümkün idi. Ancaq bundan sonra buraxılış imtahanlarına əlavə vəsaitlər buraxılmayacaq. Bununla da attestat ala bilən və bilməyən şagirdlərin real səviyyəsi düzgün qiymətləndiriləcək", deyə M.Abasszadə sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB