Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin görüşü keçiriləcək
Təhsil naziri Misir Mərdanov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşüb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Misir Mərdanov türkdilli ölkələrin əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətindən bəhs edib. Nazir xalqlarımızın daha da yaxınlaşması üçün təhsil sahəsindəki əlaqələrin dərinləşdirilməsinin zəruriliyini vurğulayıb.
Misir Mərdanov Azərbaycanla Türkiyə arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində sürətlə inkişaf etdiyini bildirib. Hazırda 4 mindən çox azərbaycanlı gəncin Türkiyənin nüfuzlu universitetlərində müxtəlif ixtisaslar üzrə təhsil aldığını qeyd edən nazir, həmçinin Azərbaycanın ali təhsil müəssisələrində 3 mindən artıq türkiyəli tələbənin oxuduğunu söyləyib. Təhsil naziri bunu ölkələrimizin qardaşlıq münasibətlərinin təzahürü kimi səciyyələndirib.
Təhsil naziri hər iki ölkənin müvafiq mütəxəssisləri arasında müvafiq istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini bildirib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı bu quruma daxil olan ölkələrin bütün istiqamətlərdə, eləcə də təhsil sahəsində əlaqələrinin inkişafı üçün nəzərdə tutulan addımlardan bəhs edib. Qonaq hər bir millətin intellektual potensialının inkişafında təhsilin əhəmiyyətindən söz açıb və bu baxımdan təhsil sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu bildirib. Türk xalqlarının ortaq əlifbasının və dilinin qəbul olunması məsələsinə toxunan Xəlil Akıncı həmçinin ortaq dərsliklərin hazırlanması işinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin görüşünün keçirilməsinin nəzərdə tutulduğunu söyləyən baş katib müvafiq təkliflərlə bağlı ortaq fikrə gəlməyin mümkünlüyünü qeyd edib.
Daha sonra görüşdə türkdilli ölkələr arasında təhsil sahəsində əlaqələrin möhkəmlənməsi işinin daha səmərəli təşkili ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB