Dünya Turizm Təşkilatı tərəfindən keçirilən VII-ci Ümumdünya konqresində Azərbaycan da təmsil olunub

Dünya Turizm Təşkilatı tərəfindən keçirilən VII-ci Ümumdünya konqresində Azərbaycan da təmsil olunub

Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov Dünya Turizm Təşkilatının təşkilatçılığı ilə Andorra Knyazlığında keçirilən VII-ci Ümumdünya konqresinin iştirakçısı olub. La Massano şəhərində gerçəkləşən konqresə dünyanın 30 ölkəsindən 4 nazir, o cümlədən nüfuzlu turizm müəssisələrinin nümayəndə və ekspertləri qatılıb. Bu tədbirdə ölkəmizi Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov təmsil edib.

Rektor Cəfər Cəfərov SİA-ya müsahibəsində bildirib ki, iki günlük tədbirdə 18 məruzə dinlənilib. Onun sözlərinə görə, informasiya-kommunikasiya texnologiyaları əsasında dağ turizminin inkişaf strategiyası, yay mövsümü üçün nəzərdə tutulan məhsul və xidmətlərin yeni çeşidlərinin təqdim olunması, dağ turizmi destinasiyasının aşkarlanması və.s mövzular müzakirə predmeti olub. Rektor C.Cəfərov əlavə edib ki, Andorra knyazlığı cənub-qərbi Avropada yerləşir. İspaniya və Fransa ilə həmsərhəddir: "Qışı qarlı və şaxtalı keçir. Qar fırtınaları və uçqunlar bu ərazi üçün səciyyəvi sayılır. Əhalisinin sayı 75.000 nəfər olsada, hər il Andorra knyazlığına on milyon turist axın edir. Bask dilində "boş yer" mənası verən Andorra cazibədar turizm məkanı kimi dəyərləndirilir.VII-ci Ümumdünya konqresinin növbəti toplantısının mövzusundan da bilinir ki, qar və dağ turizmi bu ölkəni məşhurlaşdıran, dünyanın hər yerindən turistləri özünə cəlb edən başlıca amildir".

C.Cəfərov qeyd edib ki, tədbirin son günündə Valnorda xizək kurortunda keçirilən mədəni tədbir də bütün iştirakçıların böyük marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə