Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanla bağlı faktları açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanla bağlı faktları açıqladı

UNİSEF-in Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "Həyat üçün faydalı faktlar" toplusunun təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Sevil Əsədova maraqlı faktlar açıqlayıb. O bildirib ki, Azərbaycanda 3 milyon uşaqdan təxminən 10 faizi hələ də həll edilməmiş regional münaqişə üzündən torpaqlarından didərgin düşüb. S.Əsədovanın sözlərinə görə, qeyri-adekvat qidalanma vərdişləri üzündən reproduktiv yaşda olan hər 4 qadından 3-ü, eləcə də hər 5 uşaqdan 2-si anemiyadan əziyyət çəkir. Hər 4 uşaqdan 1-i qısaboyludur: "Hər 8 uşaqdan yalnız təxminən 1-i həyatının ilk 6 ayında müstəsna şəkildə ana südü ilə qidalanır. Bu isə qarşısının alınması mümkün olan uşaq xəstəliklərinin və problemlərinin yaranmasına səbəb olur".

ÜST-nın nümayəndəsi qeyd edib ki, Azərbaycanda hər iki saatdan bir 1 körpə dünyasını dəyişir. Bunun qorxulu statistika olduğunu deyən S.Əsədova vurğulayıb ki, lakin bunun qarşısını almaq mümkündür: "Bu isə yalnız həkimlərdən asılı deyil. Bütün əhalinin, valideynlərin bu bilgilərə yiyələnməsi vacibdir. Çox təəssüf ki, Azərbaycanda Azərbaycan dilində valideynlər üçün kitablar çox azdır".

Bütün xəbərlər Facebook səhifəmizdə