Orta məktəblərdə buraxılış imtahanlarının keçirilmə vaxtı dəqiqləşdi

Orta məktəblərdə buraxılış imtahanlarının keçirilmə vaxtı dəqiqləşdi

Təhsilin inkişafı üzrə Milli Strategiya ilə bağlı təkliflər hazırlanaraq müvafiq Təşkilat Komitəsinə təqdim olunub. SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib ki, bu strategiyanın hazırlanması üçün prezident tərəfindən ilin sonuna kimi vaxt verilib. Nazir hesab edib ki, təşkilat komitəsi müəyyən olunan vaxta kimi bütün məsələləri həll edəcək.

M.Mərdanov buraxılış imtahanları ilə bağlı məsələyə də münasibət bildirdi. Nazir qeyd edib ki, orta məktəblərdə ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilmə vaxtı dəqiqləşib. Onun sözlərinə yoxlama imtahanlar kimi, buraxılış imtahanları da 9 region üzrə keçiriləcək: "Bizim əsas məqsədimiz ondan ibarətdir ki, imtahanlar vaxtında keçirilsin. Nəticədə isə XI sinif şagirdləri ali məktəblərə keçirilən imtahana kimi attestatlarını ala bilsinlər".

Qeyd edək ki, bir müddət öncə ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının aparılması barədə təhsil naziri Misir Mərdanov əmr imzalayıb. Əmrdə qeyd olunur ki, buraxılış imtahanı Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 2 iyun, Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında 4 iyun, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 7 iyun 2011-ci il tarixində, Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkə­sən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 10 iyun, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında 13 iyun, Astara, Biləsuvar, Cəlil­abad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 16 iyun, Bakı şəhərində isə 17 iyun tarixində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə