Nazir narkomaniyanın yayılmasının repetitorluqla əlaqələndirməsinə haqq qazandırdı

Nazir narkomaniyanın yayılmasının repetitorluqla əlaqələndirməsinə haqq qazandırdı

"Respublikanın ümumtəhsil məktəblərində narkomaniyanın məktəblilər arasında aşkarlanması ilə bağlı məlumatım yoxdur. Amma narkomaniyaya qarşı profilaktik tədbirlərin keçirilməsi heç bir zaman gec deyil". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu istiqamətdə müəyyən dövlət və qeyri-hökumət qurumları ilə işlər aparılır və bundan sonra da davam etdiriləcək.

Nazir ötən gün millət vəkili Gülər Əhmədovanın şagirdlərin məktəbə deyil, repetitor yanına getməsinin də narkomaniyaya yol açdığına dair səsləndirdiyi fikirlərə münasibət bildirib. O qeyd edib ki, müəyyən mənada bu fikirlərə haqq qazandırmaq olar: "Amma narkomaniya ilə bağlı ölkədə sistemli iş aparılmalıdır. Bu barədə dövlət başçısının xüsusi qərarı var, dövlət komissiyası fəaliyyət göstərir və mütəmadi olaraq mövcud vəziyyət araşdırılır. Əlbəttə, digər ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyəti acınacaqlı hesab etmirəm. Düşünürəm ki, Azərbaycan vətəndaşları hər an, hər dəqiqə narkomaniya hallarına qarşı mübarizə aparmağa hazır olmalıdır. Yaxşı olardı ki, hər zaman profilaktik tədbirlər həyata keçirilsin".

Qeyd edək ki, ötən gün millət vəkili Gülər Əhmədova məktəblilər arasında da narkomaniya hallarının aşkarlanmasını onların repetitor yanına getməsi ilə əlaqələndirib: "Bunun ən böyük səbəblərindən biri də valideynlərin kütləvi sürətdə repetitorluğa üz tutumasıdır. Uşaqların məktəbə deyil, repetitor yanına göndərilməsi uşaqların tərbiyəsində ciddi çatlar yaradır. Uşaqlar məktəbin qayda-qanunu, nizam-intizamından uzaqlaşır".

Bütün xəbərlər Facebook səhifəmizdə