Səhiyyə naziri Oktay Şirəliyev prezidentə hesabat verdi

Səhiyyə naziri Oktay Şirəliyev prezidentə hesabat verdi
Son bir neçə ildə Azərbaycanda 417 səhiyyə müəssisəsində tikinti və yenidənqurma işləri aparılıb, onlar müasir tibbi avadanlıq və cihazlarla təchiz olunublar. SİA-nın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev prezident İlham Əliyevin sədrliyi ilə aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Onun sözlərinə görə, yeni səhiyyə ocaqlarının yaradılması prosesi bu il də davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına hazırda Bakı şəhərində müasir çoxprofilli klinikanın - Bakı Sağlamlıq Mərkəzinin, Respublika Uşaq Vərəm Xəstəlikləri Sanatoriyasının, Ağsu və Yevlax rayonlarında yeni xəstəxanaların tikintisi gedir.

Nazir bildirib ki, səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramları da uğurla icra olunur. Onların arasında ana və uşaq sağlamlığı üzrə proqram xüsusi əhəmiyyət daşıyır. Oqtay Şirəliyevin sözlərinə görə, perinatal mərkəzlərin yaradılması, doğuşayardım xidmətinin təkmilləşdirilməsi, xarici mütəxəssislərin iştirakı ilə keçirilən təlimlərin nəticəsi olaraq, ölkədə uşaq və ana ölümü göstəriciləri son illərdə dinamik şəkildə ilbəil azalır. 2006-cı illə müqayisədə 2011-ci ildə ölkədə ana ölümü əmsalı 34,2-dən 15,2-yə enib, uşaq ölümü göstəricisi 12,7-dən 10,8-dək azalıb.

"Hər bir ölkədə epidemioloji vəziyyət tək səhiyyənin deyil, ümumi inkişafın göstəricisidir", - deyən səhiyyə nazirin sözlərinə görə, son dövrlərdə qonşu ölkələrdə bəzi yoluxucu xəstəliklərin alovlanmaları baş versə də, Azərbaycanda həm vaksinasiya, həm də digər tədbirlər sayəsində epidemioloji sabitlik təmin olunub: "Belə ki, əvvəllər poliomielit xəstəliyinə görə endemik sayılan Azərbaycan artıq bir neçə ildir ki, bu infeksiyadan azad ölkəyə çevrilib. Digər idarəolunan xəstəliklərdən difteriya, qızılca, məxmərək və sair son bir neçə ildə ya ümumiyyətlə qeydə alınmayıb, ya da eliminasiya səviyyəsinə endirilib".

Oqtay Şirəliyev kadr potensialından da danışıb və deyib ki, yüzlərlə azərbaycanlı həkim öz peşə səviyyəsini yüksəltmək, müasir təbabət üsullarını öyrənmək məqsədi ilə xarici ölkələrin klinikalarında ixtisaslarını artırır. Bundan əlavə, aparıcı mütəxəssislər praktiki təlimlər keçmək üçün Azərbaycana dəvət olunurlar. Nazirin fikrincə, məhz belə tədbirlərin nəticəsidir ki, ölkəmizdə müalicəsi mümkün olmayan bir çox mürəkkəb xəstəliklər bu gün dövlət klinikalarında müalicə edilir: "Son illərədək Azərbaycanda ürək əməliyyatları yalnız ödənişli əsaslarla, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə xaricdən dəvət edilən mütəxəssislər tərəfindən həyata keçirilirdi. İndi isə Uşaq Kardiocərrahiyyə Mərkəzində öz həkimlərimiz hətta körpə uşaqlar üzərində çox çətin kardiocərrahiyyə əməliyyatları aparırlar. Yeri gəlmişkən, bir məsələni də qeyd etmək lazımdır. Vaxtilə Bakı keçmiş SSRİ-də böyrəkköçürmə əməliyyatlarının həyata keçirildiyi ilk şəhərlərdən biri olub. İndi çox böyük fasilədən sonra Azərbaycanda dövlət xəstəxanalarında yerli mütəxəssislər tərəfindən orqan transplantasiyası üzrə uğurlu əməliyyatlar olunur".

"Kadr potensialının gücləndirilməsi istiqamətində ən önəmli addımlardan biri də 2011-ci ildən başlayaraq tibb işçilərinin sertifikasiyasıdır. Beləliklə, bütün qabaqcıl ölkələrdə olduğu kimi, beş ildən bir imtahan verib sertifikat almayan tibb işçisi praktiki fəaliyyətlə məşğul ola bilməz. Mərkəzləşmiş qaydada, obyektiv və şəffaf surətdə keçirilən sertifikasiya tibb işçilərinin öz üzərində çalışmasına, həkim sənətinin məsuliyyətini daha dərindən dərk etməsinə imkan yaradır. Bu istiqamətdə ən vacib addımlardan biri də "Təhsil haqqında" Qanuna uyğun olaraq, tibb təhsilində aparılan islahatlardır. Ötən ildən etibarən Azərbaycan Tibb Universitetində rezidentura pilləsi tətbiq olunur. Beləliklə, gənc həkimlərimiz daha təcrübəli, daha səriştəli, öz profilinə uyğun daha dərin biliklərə malik mütəxəssis kimi formalaşacaqlar", - nazir deyib.

Oqtay Şirəliyevin sözlərinə görə, səhiyyənin inkişafında son illər əldə edilmiş dinamik inkişaf tibbi demoqrafik göstəricilərin yaxşılaşması üçün də zəmin yaradıb: "Son 10 ildə doğum göstəricisinin artması, ölüm göstəricisinin isə aşağı düşməsi nəticəsində təbii artım göstəricisi 8,1-dən 13,5-dək yüksəlib. Bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir. Bu müsbət tendensiya tək insanların sağlamlığından asılı olmasa da, onun dinamikasında tibbi qulluq və səhiyyə xidmətləri də əhəmiyyətli rol oynayır".

Bütün xəbərlər Facebook səhifəmizdə