ADU-da tələbələrin bədii yaradıcılıq festivalı keçirilib - FOTO

ADU-da tələbələrin bədii yaradıcılıq festivalı keçirilib - FOTO

Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş tələbələrin bədii yaradıcılıq festivalı keçirilib. SİA-nın Universitetin mətbuat xidmətindən aldığı məlumata görə, bütün fakültə tələbələrinin iştirak etdiyi festivalda rəqs, bədii qiraətlə yanaşı, rep və müasir mahnılar da səslənib.

Tələbələr bədii qiraət sahəsində də öz istedadlarını nümayiş etdiriblər. 1 saylı İngils dili fakültəsinin II kurs tələbəsi Lalə Bəxtiyarlının ifasında "14 iyul bayramı", Tərcümə fakültəsinin III kurs tələbəsi Elvariz Əliyevin ifasında "Sevgi paylayar", Filologiya fakültəsinin II kurs tələbəsi Gülşən Cavadzadənin ifasında "O həyatı sevirdi", Ülvi Bünyadzadə adına muzey-lektoriyanın direktoru Könül Yaqubovanın ifasında "Səndən sonra" şeirlərini söylədilər, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin 369-cu qrup tələbəsi Engin İşıq və 1 saylı İngils dili fakültəsinin 112-ci qrup tələbəsi Elçin Əsədovun ifasında "Türk mahnısı", 1 saylı İngils dili fakültəsinin I kurs tələbəsi Gülnaz Cabbarlının ifasında " I will always love you" mahnıları, Fransız dili fakültəsinin III kurs tələbəsi Bəhmən Aslanlının ifasında rep ifa olunub. "Dalğa" rəqs qrupunun ifa etdiyi rəqslər də tamaşaçıların zövqünü oxşayıb.

Tədbirdə Heydər Əliyevin ömür yolunu əks etdirən kiçik süjet də təqdim edilib. Festival Universitetin himni ilə başa çatıb. Akademik Opera və Balet Teatrının baş rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Hafiz Quliyev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Azərbaycan Respublikasının əməkdar artisiti Anar Hüseynli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Nailə Mirməmmədlidən ibarət münsiflər heyəti də tamaşaçılar arasında idi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2012-ci il yanvarın 26-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-ci ildönümü münasibətilə 66/6 saylı qərar imzalayıb. Qərara əsasən, Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə 2012-ci ilin mart-aprel aylarında ali məktəblərdə tələbələrin bədii yaradıcılıq festivalı keçirilir.

Qeyd edək ki, festival qaliblərinin yekun konserti 2012-ci ilin may ayının birinci ongünlüyündə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə