Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Sabina Ulmann ilə görüşüb.
ADU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə ADU-nun İsveçrə universitetləri ilə əlaqələri, həmin ali məktəblərlə əlaqələrin qurulması imkanları müzakirə olunub. Eyni zamanda, mütəxəssislərin dəvət olunması, müəllim-tələbə mübadiləsi, İsveçrə universitetləri və ADU arasında birgə layihələrin həyata keçirilməsi haqda da müzakirələr aparılıb.
Rektor Səməd Seyidov Azərbaycan Dillər Universiteti haqda qonağa məlumat verib. O, universitetin Qərbi Avropa ölkələri ilə münasibətlərinin mövcudluğundan danışaraq ABŞ, Böyük Britaniya, Skandinaviya mərkəzləri haqda məlumat verib. Rektor Şərq ölkələri ilə də əlaqələrin olduğunu deyib. ADU-dakı Çin, Hindistan, Yaponiya, İndoneziya, Koreyanın dil və mədəniyyət mərkəzlərinin fəaliyyətindən bəhs edib. ADU-nun İtaliya, Fransa, Böyük Britaniya universitetləri ilə əlaqələrindən də söz açan rektor Səməd Seyidov İtaliyanın Milan Tərcüməçilik İnstitutu, Fransanın Strasburq Universiteti ilə əlaqələrdən danışıb və Böyük Britaniyanın Esseks Universiteti ilə ADU arasında imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində ikili diplomların verilməsini diqqətə çatdırıb. ADU-nun Tərcümə fakültəsində aparılan islahatlara toxunan rektor ADU-Hacettepe-Strasburq universitetləri arasında üçtərəfli əməkdaşlığın yaradıldığını bildirib.
Görüş zamanı səfir Sabina Ulmann ADU-da ilk görüşü olduğunu diqqətə çatdırıb. Öz ölkəsi haqda məlumat verən səfir İsveçrədə müxtəlif dil və mədəniyyətlərin birləşdiyini deyib. O, ADU-nun İsveçrə universitetləri ilə ikitərəfli əlaqələrinin qurulmasının ölkələrimiz arasında geniş əlaqələrə imkan yaradacağını vurğulayıb.
Tədbirin sonunda əlaqələrin akademik səviyyədə inkişafı üçün ADU ilə bütün sahələrdə əməkdaşlığın mümkünlüyünü nəzərə çatdıran Sabina Ulmann İsveçrə universitetləri və ADU arasında əməkdaşlıq perspektivlərinin genişlənməsindən əminliyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB