Akademiya və təhsil sistemində olan alimləri bir araya gətirmək üçün yeni format yaradılıb

Akademiya və təhsil sistemində olan alimləri bir araya gətirmək üçün yeni format yaradılıb

"Elmin İnkişafı Fondunun illik büdcəsi təqribən 6,5 milyon manat təşkil edir. Bu baxımdan ali təhsil sistemində çalışan alimlər üçün ayrılan vəsaiti qənaətbəxş hesab etmək olar". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycanın ali təhsil müəssisələrindən 151 alim Elmin İnkişafı Fondunun qrant layihələrində iştirak edib. Onun sözlərinə görə, təkcə təhsil sistemində çalışan alimlərə 2,5 milyon manatdan çox vəsait ayrılıb.

Rəhbərlik etdiyi təşkilatın akademiya və təhsil sistemində olan alimləri bir araya gətirmək üçün yeni format yaratdığını deyən E.Babayev qeyd edib ki, təhsil sistemində çalışan alimlərin fəallığının artırılması üçün Təhsil Nazirliyi tədbir görməlidir: "Ən müxtəlif qurumlardan olan alimlər birgə çalışırlar və elmi tədqiqat işlərini yerinə yetirirlər. Bu cür təşəbbüslər alqışlanmalıdır. Onlar keyfiyyətli layihələrdə iştirak etməlidirlər ki, qaliblər sırasına daxil olsunlar. Təhsil sistemində çalışan alimlərin fəallığının artırılması üçün Təhsil Nazirliyi tədbir görməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə