İçlik vərəqələri Azərbaycan dilində olmayan preparatların idxalına qadağa qoyulması nəyə hesablanıb?
"İyulun 1-dən sonra içlik vərəqələri Azərbaycan dilində olmayan preparatların idxalına qadağa qoyulması hansısa şirkətə məhdudiyyət qoymaq üçün hesablanmayıb. Bu bizim qanunumuzun tələbidir". SİA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib ki, içlik vərəqələrinin Azərbaycan dilində tələb edilməsi nazirliyin haqqıdır. Əhalisinin sayı 2-3 milyon Avropa ölkələrində də içlik vərəqələrinin öz dillərində tələb edildiyini deyən nazir müavini vurğulayıb ki, bu məsələdə də uğurlara nail olunacaq.
"Reklam haqqında" və "Dərman vasitələri haqqında" qanunda da göstərilib ki, dərman preparatlarının içlik vərəqələri milli dildə-Azərbaycan dilində olmalıdır. Bununla əlaqədar şirkətlərə dəfələrlə xəbərdarlıq olunub. Artıq bu yaxınlarda bizim əməkdaşlarımız tərəfindən son dəfə onlara iyulun 1-dək vaxt verilib. İyulun 1-dən sonra içlik vərəqələri Azərbaycan dilində olmayan preparatların idxalına qadağa qoyulacaq. Azərbaycan dilində içlik vərəqələri olmayan müəssisələr bunun obyektiv səbəblərini Səhiyyə Nazirliyinə bildiriblər. Bu gün Azərbaycanın əzcazçılıq bazarının 50-60 faizi Avropanın inkişaf etmiş ölkələrinin dərman preparatlarıdır. Onlar da istehsal xətlərini dayandırıb çox hallarda içlik vərəqələrini Azərbaycan dilində qoymaq istəmirlər. Dünya miqyasında götürdükdə, Azərbaycanın əzcazçılıq bazarı o qədər də böyük bazar deyil. Ona görə də bu içlik vərəqələri istehsal olunduğu yerdə dərman qutularının içinə qoyulmalıdır. Düzgün yol budur və əsas səbəb də bundan ibarətdir. Amma sözsüz ki, biz qanunların tələblərinə riayət etməliyik", - deyə E.Ağayev qeyd edib.
Nazir müavini qeyd edib ki, bu proses dərman bazarında dərmanların kəmiyyət bazımından sayının azalmasına təsir göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB