Səhiyyə Nazirliyi məktəblilər arasında narkotik vasitələrdən istifadənin yayılmasından narahatdır

Səhiyyə Nazirliyi məktəblilər arasında narkotik vasitələrdən istifadənin yayılmasından narahatdır

"Azərbaycanda məktəblilər arasında da narkotik vasitələrdən istifadə edənlər var. Onların sayı Respublika Narkoloji Dispanserin dediyi kimi 4 yox, daha çoxdur və bu da Səhiyyə Nazirliyini narahat edir". SİA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, buna görə də məktəblərdə təbliğat işləri doğru aparılmalı və bu işə valideynlər, cəmiyyət cəlb olunmalı, xüsusən də gənclər, yeniyetmələr bir-biri arasında təbliğatı genişləndirməlidir. Nazir müavini vurğulayıb ki, narkotik və psixotrop maddələrin qeyri-qanuni istifadəsi hallarına qarşı mübarizədə hər bir kəs, o cümlədən valideynlər, şagirdlər də aktiv olmalıdırlar.

"Səhiyyə Nazirliyinin Təhsil Nazirliyi ilə birgə apardığı "Narkotiklərə YOX deyək!" adlı kampaniyaya gənclərin kömək olacağını ümid edirəm. Gənclər öz aralarında müəyyən vaxtlarda internet və digər vasitələrdən istifadə edir, müxtəlif növ ünsiyyət saxlayırlar. Təbii ki, bu təbliğat kampaniyasında şagirdlər də bir-birini düzgün yola cəlb edəcəklər. Azərbaycan 1961-ci ildə BMT-nin Narkotik Vasitələrin istifadəsi üzrə Konvensiyaya, 1971-ci ildə Psixotrop maddələrin istifadəsi üzrə Konvensiyaya qoşulub. Ona görə də biz mütəmadi olaraq bu maddələrin qanuni istifadəsi ilə bağlı məlumatları təqdim edirik. Səhiyyə Nazirliyi narkotik, psixotrop maddələrin, onların prikursorlarının qanuni dövriyyəsinə nəzarət edən əsas qurumdur", - deyə E.Ağayev qeyd edib.

Nazir müavini qeyd edib ki, bu gün səhiyyəni narkotik, psixotrop maddələrsiz təsəvvür etmək mümkün deyil. Bəzi psixotrop maddələrin əldə olunması məsələsinə gəlincə, E.Ağayev vurğulayıb ki, Azərbaycanda apteklərdə narkotik təsir göstərən dərmanlar reseptsiz satılmır: "Narkolji təsir göstərən dərmanların siyahısı beynəlxalq qurumlar tərəfindən müəyyənləşdirilib. Əgər hansısa dərman öyrəşmə verirsə, problem yarada bilirsə, insan orqanizmi üçün asılılıq yarada bilərsə, onlar dövriyyəsinə nəzarət olunan xüsusi psixotrop maddələrin siyahısına salınır".

Bütün xəbərlər Facebook səhifəmizdə