Nazirliklər “Narkotiklərə YOX deyək!” adlı birgə kampaniyaya başladı

Nazirliklər “Narkotiklərə YOX deyək!” adlı birgə kampaniyaya başladı

Səhiyyə və Təhsil nazirlikləri "Narkotiklərə YOX deyək!" adlı birgə kampaniyaya başlayır. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirin keçirilməsində məqsəd şagirdlərə narkotik maddələrin ziyanlı tərəfləri, sonrakı baş verə biləcək fəsadları barədə məlumatların verilməsi, maarifləndirmə tədbirlərinin aparılmasıdır. Bu kampaniyanın ilin sonuna kimi respublikanın bütün orta və ümumtəhsil məktəblərində keçirilməsi nəzərdə tutulur.

Narkomaniyanın getdikcə genişlənərək cəmiyyətin və dövlətin qarşısında duran vacib problemlərdən birinə çevrilməsi, gənclər arasında narkoman və toksikomanların sayının sürətlə artması, narkotiklərə aludə olanların orta yaş həddinin aşağı düşməsi və narkomaniya ilə əlaqədar cinayətlərin sayının artması əksər dövlətlərdə olduğu kimi ölkəmizdə də narahatçılıq doğurur, mövcud problemin həlli üçün yollar araşdırılır, müxtəlif təkliflər irəli sürülür. Narkotiklərin qeyri-qanuni dövriyyəsi və istifadə miqyasının genişlənməsi əhalinin sağlamlığına, millətin genefonduna, sosial-siyasi və iqtisadi stabilliyə, dövlətin təhlükəsizliyinə və ictimai asayişə ciddi təhlükə yaradan amilə çevrilir.

Xüsusilə, narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş şəxslər arasında gənclərin sayının artması narahatçılıq doğurmaya bilməz. Həmin cinayətlərə görə 2011-ci ildə müəyyən olunmuş 2341 nəfərdən 561-ni (24%-i) gənclər təşkil edir. Narkomaniya ilə mübarizədə ən effektiv vasitələrdən biri maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ümumi kompleksinin vacib elementi kimi qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə