Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilmə şərtləri açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və orta ixtisas təhsili müəssisələrinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilmə şərtlərini açıqlayıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə 2012-2013-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması ilə əlaqədar keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, bədən tərbiyəsi və idman istiqamətlərinə aiddir. Bu ixtisaslara qəbul olmaq istəyən abituriyentlər test imtahanından əlavə qabiliyyət imtahanı da verməlidirlər. Bu ixtisaslara qəbul olmaq istəyən abituriyentlər əvvəlcə ərizələrini ümumi qaydaya əsasən təsdiq etdirir, sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) seçmə turda iştirak edirlər. Bunun üçün abituriyent mayın 1-dən 18-dək QİK-ə tələb olunana sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim edir. QİK-də abituriyentin təhsil almaq istədiyi ixtisasa yaralılığı yoxlanılır və yoxlamadan uğurla keçənlər qeydiyyata alınır. Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul imtahanları iki mərhələdə keçirilir. I mərhələdə abituriyentlər test imtahanı verirlər. Abituriyentin bu imtahanda topladığı bal oxumaq istədiyi ixtisaslar üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəyirsə, onlar II mərhələdə qabiliyyət imtahanı verirlər. Test və qabiliyyət imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlər uyğun ixtisaslar üzrə müsabiqədə iştirak edirlər.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB