“Ailə həkimi” statusu qazanmış tibb işçilərinə xüsusi çantalar verildi

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində səhiyyənin prioritet sahələri üzrə tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə Türkiyənin və Almaniyanın aparıcı klinikalarına ixtisasartırma kurslarına göndərilməsi nəzərdə tutulub. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə əsasən, bu məqsədlə kardiologiya, cərrahiyyə, anesteziologiya və intensiv terapiya, qastroenterologiya, travmatologiya və ortopediya, urologiya və uşaq urologiyası, neonatologiya və pediatriya, vizual diaqnostika, mama-ginekologiya və psixiatriya ixtisasları üzrə ixtisasartırma kursları təşkil olunacaq.

Kurslarda iştirak etmək istəyən ən azı 3 il iş stajı və xarici dilləri (ingilis, alman, türk və rus) səlis bilən mütəxəssislər 9 aprel 2012-ci il tarixindən 01 may 2012-ci il tarixinədək Səhiyyə Nazirliyinə (246 nömrəli otaq) müraciət edə bilərlər.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəkidə çalışan ailə həkimləri ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, görüş İSİM, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Tibb Universitetinin əməkdaşlarının, ailə həkimlərinin, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə baş tutub.

Tədbirdə iştirak edən İSİM-in direktoru C.Məmmədov aparılan islahatlardan danışarkən ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi layihəsi çərçivəsində AbtAssociates tərəfindən ailə təbabətinin təkmilləşdirilməsi ilə bağlı yüksək səviyyəli təlimlərin keçirildiyini qeyd edib. Həmçinin təlimlərdə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış sübutlu təbabətə əsaslanan klinik protokollardan istifadə olunduğundan məmnunluğunu bildirib. Eyni zamanda ATU-da və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda "Ailə təbabəti" kafedralarının fəaliyyət göstərdiyi barədə məlumat verilib.

Azərbaycan Tibb Universitetinin "Ailə təbabəti" kafedrasının müdiri Mustafa Salehov Ümumdünya Sağlamlıq Günü ərəfəsində bu tədbirin keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayıb. "Gələcəkdə ailə həkimi sözünü qəbul etməliyik" – deyən M.Salehov "Ailə təbabəti" adlı kitabını təqdim edib. Sonda "ailə həkimi" statusu qazanmış tibb işçilərinə "Ailə həkimi" tibbi kütləvi jurnalı və layihə çərçivəsində hazırlanmış xüsusi çantalar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə