Pərviz Əzizbəyov: “Həkimlərin firmalarla əlbir olub xəstələri aldatması yolverilməzdir\" - AÇIQLAMA

Pərviz Əzizbəyov: “Həkimlərin firmalarla əlbir olub xəstələri aldatması yolverilməzdir\" - AÇIQLAMA

"Həkimlərin firmalarla əlbir olub xəstələri aldatması yolverilməzdir. Bu tip halların qarşısının alınması istiqamətində nazirlik ciddi addımlar atır". Bunu SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Pərviz Əzizbəyov bildirib. Şöbə müdirinin sözlərinə görə, ötən illərlə müqayisədə nazirlik tərəfindən bu tip hallar daha çox aşkar edilib ki, bunun da qarşısının alınması üçün ciddi tədbirlər görülüb. "Artıq bir müddətdir ki, Səhiyyə Nazirliyinin göstərişi ilə istənilən bir firmanın nümayəndəsinin iş saatlarında səhiyyə ocaqlarına girişi qadağan edilib. Bundan əlavə səhiyyə nazirinin xüsusi əmri ilə dərman vasitələrinin buraxılması qaydaları təsdiq edilib ki, bu qaydalarda da vahid resept blankı təsdiqlənib. Bütün həkimlər də vahid resept blankında dərman preparatlarını təyin etməli və apteklər də alıcını həmin reseptlərə uyğun dərmanlarla təmin etməlidir. Əgər hər hansı bir həkim vəzifəsindən sui-istifadə edərək xəstəyə lazım olandan artıq dərman yazarsa, həmin xəstələr mütləq nazirliyin qaynar xəttinə müraciət etməklə hüquqlarını tələb edə bilərlər. Bu zaman həmin həkimlər nazirlik tərəfindən ciddi cəzalandırılacaq".

Pərviz Əzizbəyov onu da bildirdi ki, bu gün Azərbaycana idxal olunan dərmanların demək olar ki, əksər faizi dərman şirkətləri tərəfindən gətirilir. Hazırda apteklərdə də bu tip dərmanlar üstünlük təşkil edir. Bu dərmanlar həm keyfiyyət, həm də qiymət baxımından digərlərindən fərqlidir. "Belə ki, bu dərmanların tərkibi müxtəlif olduğundan qiymətləri də digərləri ilə müqayisədə bahadır. Lakin firma dərmanları dedikdə əhali arasında bu dərmanların keyfiyyətinə şübhə ilə yanaşanlar da tapılır. Lakin qeyd edək ki, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri və gömrük xidmətinin əməkdaşları ilə birgə həmin dərmanlardan nümunələr götürülür. Bu nümunələr laboratoriyamızda yoxlanılır və bundan sonra onlara nazirlik tərəfindən xüsusi lisenziyalar-qoruyucu holoqramlar verilir. Bununla yanaşı həmin zaman firmalara xüsusi analiz protokollar da verilir ki, bununla da həmin dərmanın respublika ərazisində satışına iсazə verilir".

Bütün xəbərlər Facebook səhifəmizdə