Səhiyyə Nazirliyi apteklərə ciddi xəbərdarlıq edir!

Səhiyyə Nazirliyi apteklərə ciddi xəbərdarlıq edir!

"Dərman içliklərinin mətnləri dilimizə tərcümə edilmədən satılarsa, həmin dərmanlar satışdan çıxarılacaq, apteklər isə cəzalandırıla bilər". Bunu SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Pərviz Əzizbəyov deyib. Onun sözlərinə görə, dərman vasitələri haqqında qanuna əsasən ölkəyə idxal olunan bütün dərman preparatlarının içində Azərbaycan dilində göstərişlər olmalıdır. "Artıq bir neçə ildir ki, nazirlik tərəfindən verilən xüsusi əmrə əsasən bütün dərman firmalarına göstərişlər verilib ki, dərman içlikləri mütləq Azərbaycan dilinə tərcümə edilməklə satılsın. Lakin hələ də bir sıra firmalar bu qaydaları pozaraq içlik mətnləri əcnəbi dillərdə olan dərmanları satışa çıxarır. Bu isə alıcıların haqlı narazılığına səbəb olur. Belə ki, əcnəbi dilləri bilməyən alıcılar aldıqları dərman preparatlarının tərkibini öyrənə bilmirlər. Bu isə yanlış istifadəyə gətirib çıxara bilər".

Nazirlik rəsmisi onu da bildirdi ki, dərman preparatları qeydiyyatdan keçirilən zaman Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeyi ekspert şurası tərəfindən təsdiqlənir. Təsdiqləndikdən sonra həmin şirkət dilimizə tərcümə edilən içlik vərəqəsini dərman qutusunun içinə yerləşdirməklə satışa çıxarmalıdır: "Lakin bəzi şirkətlərin məsuliyyətsiziyindən irəli gəlir ki, bir sıra hallarda dərman qutusunun içində tərcümə məlumat vərəqini görmürük. Gömrük nəzarətindən keçərkən qurum tərəfindən həmin dərmanlardan nümunələr götürülür və bu cür neqativ hallara rast gəlindikdə həmin preparatlar geri qaytarılır. Bu zaman istehsal müəssələrinə xüsusi xəbərdarlıq edilir".

Bununla yanaşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə apteklərdə də reydlərin keçirildiyini deyən şöbə müdiri mərkəzin İnspeksiya şöbəsi tərəfindən keçirilən reydlər zamanı bu tip faktlar aşkarlanarsa, apteklərə və həmin xarici şirkətlərə ciddi xəbərdarlıq ediləcəyini bildirib. Bu hallar daimi xarakter aldıqda isə qanunvericiliyə uyğun olaraq cəza tədbirləri görülür.

Qeyd edək ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən 3650 adda dərman preparatı qeydiyyatdan keçirilib ki, bu dərmanların da içlik vərəqələri dilimizə tam tərcümə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə