Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Təhsil Nazirliyinə xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşlarının diplomları ilə bağlı təklif verib. SİA-nın verdiyi xəbərə görə, Məleykə Abbaszadə bildirib ki, xaricdə təhsil alaraq diplomları tanınmış Azərbaycan vətəndaşları haqqında TQDK-da məlumat yoxdur.
"Diplomları tanınmış şəxslər haqqında da məlumatları bu sistemə daxil etmək mümkündür. Həmin məlumatları daxil etsəniz, sistem daha mükəmməl olar. Dövlət tərəfindən xaricə göndərilənlər haqqında bizdə ilkin məlumatlar var. Amma onlar təhsillərini bitirdikdən sonra diplomların tanınması proseduru Təhsil Nazirliyi tərəfindən aparılır. Bizdə bu barədə məlumat yoxdur", - deyə M. Abbaszadə əlavə edib.
Onun sözlərinə görə, öz maliyyə vəsaitləri hesabına xarici ölkələrdə ali təhsil alan Azərbaycan vətəndaşları da sonda diplomlarını tanıtmaq üçün Təhsil Nazirliyinə müraciət edir və onlar barədə məlumatlar nazirlikdə cəmləşir.
Bu təklifi cavablandıran təhsil nazirinin müavini Qulu Novruzov isə deyib ki, Azərbaycandan kənarda ölkələr arasında bağlanılmış ikitərəfli əməkdaşlıq müqavilələri çərçivəsində və Rusiya, Türkiyə kimi kimi partnyor ölkələrdə Azərbaycanın verdiyi təqaüdlər hesabına Azərbaycan vətəndaşları xaricdə təhsil alır.
Nazir müavini hesab edir ki, dövlət xətti ilə təhsil alanlar barədə məlumatların yeni yaradılmış "Tələbə-məzun dövlət elektron məlumat sistemi"ndə öz əksini tapması mühüm məsələdir. Ancaq öz hesabına xaricdə təhsil alanlarla bağlı məlumatların bu sistemdə yerləşdirilməsi məsələsi birgə müzakirə edilməlidir.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB