Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkə prezidentinin sərəncamı ilə hazırlanmış "Tələbə-məzun dövlət elektron məlumat sistemi"nin təqdimatını keçirib. SİA-nın verdiyi xəbərə görə, bununla bağlı tədbirdə çıxış edən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, tələbə və məzunlar haqqında məlumatları bır sıra dövlət orqanları, o cümlədən Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası, Maliyyə, Təhsil, Müdafiə nazirlikləri və digər qurumlar istifadə edəcək.
Abbaszadə həmçinin bildirib ki, TQDK-nın ünvanına müxtəlif qurumlardan Azərbaycan vətəndaşlarının qəbul imtahanlarında iştirak edib-etməmələri, tələbələr arasında olub-olmamaları barədə məlumatlar daxil olur.
"Ənənəvi qayda ilə işlədikdə bu zaman itkisinə gətirib çıxarırdı. Yeni məlumat sistemi bu və buna bənzər digər problemləri aradan qaldıracaq. Bununla yanaşı, dövlət orqanları, məsələn, Təhsil Nazirliyi tələbələrin akademik müvəffəqiyyətləri haqqında məlumatların analizini aparmaqla təhsilin və təhsilverənlərin keyfiyyətini qiymətləndirməyə imkan verəcək", - deyə TQDK sədri əlavə edib.
Eyni zamanda o qeyd edib ki, sistemə bütün ali təhsil müəssisələrinin qoşulması vacibdir və bütün ali məktəblər də bu sistemə qoşulub.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə