ARDNŞ “Elm Fondu” 2012-ci il üçün elmi-tədqiqat layihələri üzrə müsabiqə elan edir
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Elm Fondu" 2012-ci il üçün müsabiqə elan edir. SİA-nın xəbərinə görə, müsabiqə Azərbaycan Respublikasında təbiət və texniki elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini və digər elmi tədbirlərin dəstəklənməsi, akademik sistemdə fəaliyyət göstərən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin və müvəqqəti yaradılmış yaradıcı kollektivlərin elmi fəaliyyətinin stimullaşdırılması, onlara əlavə yaradıcılıq imkanları yaradılması məqsədilə təşkil olunur.
1.Elm Fondunun fəaliyyəti aşağıdakı elm sahələrini əhatə edir:
– Yer elmləri;
– Texniki elmlər;
– Kimya elmləri;
– Ekologiya.
2.Aşağıdakı prioritet istiqamətlər üzrə təqdim edilən layihələrə üstünlük veriləcəkdir:
• neftqazçıxarmada riyazi modelləşdirmə, diaqnostika, nəzarət və idarəetmə sistemləri;
• dünya standartlarına cavab verən mühərrik yanacaqlarının və yağlarının alınması üçün mütərəqqi texnologiyaların yaradılması, neft emalının dərinləşməsi;
• ənənəvi və qeyri-ənənəvi karbohidrogen yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsinin yeni texnologiyalarının və Azərbaycanın neft-qaz kompleksinin ehtiyat bazasının inkişaf proqnozu;
• quruda və dənizdə neft-qaz əməliyyatlarının keçirilməsi zamanı ətraf mühitin qorunması.
3.Yuxarıda qeyd olunmuş elm sahələri üzrə müsabiqə növləri:
• sona çatdırılmış ən yaxşı elmi-tədqiqat işləri müəlliflərinin "həvəsləndirici mükafatla" qiymətləndirilməsi (müsabiqə növünün kodu:HM);
• planlaşdırılan ən yaxşı elmi-tədqiqat layihələrinin yerinə yetirilməsi üçün maliyyələşdirilmə (müsabiqə növünün kodu:ET);
• xüsusi layihələrdən ən yaxşısının yerinə yetirilməsi üçün maliyyələşdirilmə (müsabiqə növünün kodu: XL).
4."Həvəsləndirici mükafat" yuxarıda sadalanan prioritet istiqamətlərin hər biri üzrə yaxın 1 ildə tamamlanmış əhəmiyyətli işlərin müəlliflərini həvəsləndirmək məqsədi daşıyır.
Mükafat 3 nominasiyada verilir:
• birinci yer: 10 min manat məbləğində olan bir mükafat;
• ikinci yer: hər biri 5 min manat məbləğində olan iki mükafat;
• üçüncü yer: hər biri 3 min manat məbləğində olan üç mükafat (gənc alimlər üçün);
2012-ci il üçün ümumi mükafatlar fondu 116 000 manat təşkil edir.
5.Fundamental və tətbiqi səciyyəli ən yaxşı elmi-tədqiqat layihələri (ET) üçün, onların mürəkkəbliyindən, işin həcmindən və yerinə yetirilmə müddətindən asılı olaraq, aşağıdakı qaydada maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulur:
– kiçik həcmli layihələr üçün (100 min manata qədər);
– orta həcmli layihələr üçün (100 mindən 200 min manata qədər);
– böyük həcmli layihələr üçün (200 mindən 400 min manata qədər).
Müsabiqənin nəticəsinə əsasən, seçilmiş ən yaxşı xüsusi layihələr (XL) kiçik həcmli layihələr üçün nəzərdə tutulmuş məbləğdə maliyyələşdirilir. Xüsusi layihələr aşağıdakıları əhatə edir:
(-XL1): Elmi əsərlərin Azərbaycanda və ya xaricdə nəşri, Azərbaycan dilinə və ya Azərbaycan dilindən tərcüməsi;
(-XL2): Elmi ekspedisiya və çöl işlərinin təşkili;
(-XL3): Azərbaycanda elmi tədbirlərin təşkili və keçirilməsi;
(-XL4): Xarici elmi tədbirlərdə iştirak etmə;
(-XL5): Xarici ölkələrin birində doktorantura xətti üzrə təhsil alınması. Elmi-tədqiqat və xüsusi layihələrin ümumi maliyyələşdirmə həcmi: 2 500 000 manat.
6.Müsabiqədə ancaq AMEA-nın əməkdaşları və onlarla həmmüəllif olan şəxslər iştirak edə bilər. Layihələr müsabiqəyə fərdi və kollektiv formada təqdim oluna bilər. Müsabiqəyə təqdim edilən layihə həmin layihə üzrə rəhbərlə təmsil olunmalıdır. Digər şərtlərlə ARDNŞ-in "Elm Fondu"nun İdarə Heyətinin iclasının 14 oktyabr 2011-ci il tarixli 1 saylı protokolu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Elm Fondu"nun Əsasnaməsi\"ndə tanış olmaq mümkündür. (www.socar.az və www.science.az saytlarının Fonda aid müvafiq səhifəsində yerləşdirilib).
7.Müsabiqədə iştirak etmək üçün ərizələr, ərizəyə əlavə olunan müvafiq sənədlər və digər müşayiətedici materiallar "02" aprel 2012-ci il tarixindən başlayaraq qəbul olunur. Müsabiqədə iştirak etmək üçün ərizələrin, ərizəyə əlavə olunan müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix "31" may 2012-ci il saat 17:00-dır. Elm Fondu tərəfindən qrantların verilməsi üzrə
2012-ci il üçün müsabiqənin nəticələri "20" sentyabr 2012-ci il tarixindən gec olmayaraq açıqlanacaq.
8.Bütün layihələr, bir qayda olaraq, Azərbaycan dilində tərtib edilməlidir. Sənədlərin 2 №-li forması əlavə olaraq ingilis və rus dillərində təqdim olunmalıdır. Layihələr iki formatda (kağız üzərində və elektron məlumat daşıyıcılarına yazılmış şəkildə) aşağıdakı üsullarla təqdim olunmalıdır. Müsabiqədə iştirak etmək üçün layihə rəhbəri tərəfindən imzalanmış ərizənin, ərizəyə əlavə olunan müvafiq sənədlərin və digər müşayiətedici materialların A4 formatlı ağ kağızda çap olunmuş variantı (2 nüsxə) elektron məlumat daşıyıcılarına (CD, DVD və s.) yazılmış versiyası ilə birlikdə:
• Elm Fondunun Müsabiqə Komissiyasının ünvanına (Bakı şəhəri, İstiqlaliyyət küçəsi 10) poçt vasitəsilə göndərmək yolu ilə
• və ya Elm Fondunun Müsabiqə Komissiyasının yuxarıda göstərilən ünvanda yerləşən binasına həftənin iş günlərində (bazar ertəsi – cümə) saat 10:00-dan 17:00-dək birbaşa çatdırmaqla və qeydiyyatdan keçirmək yolu ilə. Ərizənin (Forma 1), ərizəyə əlavə olunan sənədlərin (Formalar 2-4) və digər müşayiətedici materialların elektron variantının kağızda olan variantına tam uyğun olmasına məsuliyyəti layihə rəhbəri daşıyır. Bütün formaların nümunələri müvafiq saytların (www.socar.azvəwww.science.az) Fonda aid səhifəsində yerləşdirilib.
9.Müsabiqədə iştirak ilə bağlı problemlər yarandığı təqdirdə AMEA Elmi-təşkilat şöbəsi ilə birbaşa əlaqə saxlanılması tövsiyə olunur.
Qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 26 may 2011-ci il tarixdə AR Dövlət Neft Şirkətində AMEA-da fundamental və təcrübi elmi istiqamətləri inkişaf etdirmək üçün Elm Fondunun təsis edilməsi haqqında anlaşma memorandumu imzalanıb.
Əlaqə telefonu:(012) 492-84-48;
E-mail:[email protected].
Elm Fondunun İdarə Heyəti
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB