Litvanın ali məktəblərində azərbaycanlı tələbələrin sayı ilbəil artır. SİA-nın azertag.org saytına istinadən verdiyi xəbərə görə, bu barədə Litvanın təhsil və elm nazirinin müavini Neriya Putinayte ilə müsahibəsində deyib. O bildirib ki, bu işdə 2011-2012-ci illərdə Litvada beynəlxalq ali təhsil əlaqələrinin təşviqi proqramı heç də az rol oynamayıb. Proqrama əsasən, üçüncü ölkələrin vətəndaşlarına təqaüdlərin və ya təhsil haqqının ödənilməsi üçün vəsaitin verilməsi imkanı yaranıb.Litvada təhsil almaq üçün tələbələrin seçilməsinə dair əməkdaşlıq haqqında müqavilə imzalamış Heydər Əliyev Fondu və Litvanın Azərbaycandakı səfirliyi kömək edir. Azərbaycandan olan 40-dan çox tələbə Litva universitetlərində təhsil almağa üstünlük vermişlər. Gediminas adına Vilnüs Texniki Universitetində xeyli sayda azərbaycanlı təhsil alır.
N.Putinayte gələcəkdə azərbaycanlıların təhsilinin maliyyələşdirilməsi şərtlərinə dəyişiklik edilməsindən danışarkən belə bir məsələni diqqət çatdırıb ki, burada Litva və Azərbaycan təhsil nazirlikləri arasında hazırlıq mərhələsində olan saziş mühüm rol oynaya bilər. Bundan əlavə, Litvanın bir neçə ali məktəbi azərbaycanlıların təhsilinin Azərbaycan tərəfindən maliyyələşdirildiyi ali məktəblər siyahına daxil edilib.
2011-2012-ci illərdə Litvada beynəlxalq ali təhsil əlaqələrinin təşviqi proqramında Azərbaycan prioritet ölkə kimi qeyd edilib. Litvanın ali məktəbləri artıq bir neçə ildir ki, Azərbaycanda keçirilən "Education and career" beynəlxalq sərgisində iştirak edir. N.Putinayte Litva və Azərbaycan arasında təhsil, elm və texnologiyalar sahəsində əməkdaşlıq haqqında müqavilənin nə vaxt imzalanacağı ilə bağlı suala cavabında ümidvar olduğunu bildirib ki, həmin sənəd ilin sonunadək imzalanacaq. Müqavilədə əməkdaşlığın daha geniş imkanları nəzərdə tutulacaq. Bu, təkcə tələbə mübadiləsi deyil, həm də elmi tədqiqatlara dair birgə layihələr olacaq. Müqavilə ali məktəblər arasında əməkdaşlığın bünövrəsi və əlbəttə, müxtəlif proqramlar çərçivəsində maliyyələşdirmə üçün baza olacaq.
N.Putinayte deyib: "Hesab edirəm ki, Litvanın və Azərbaycanın prioritetlərinin üst-üstə düşdüyü, çox iş görməyin mümkün olduğu sahələri tapmaq mümkündür. Dəfələrlə əmin olmuşuq ki, Azərbaycan intellektual baxımdan Avropaya istiqamətlənmişdir. Azərbaycanlılar Litvaya asanlıqla uyğunlaşırlar. Onlar burada özlərini yad ölkədəki kimi hiss etmirlər. Böyük Vitautas Universitetindən əla rəylər almışıq. Orada belə yüksək səviyyəli tələbələrə görə çox şaddırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB