Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələndi

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələndi

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən cari ilin fevral ayı ərzində müəyyən araşdırmalar aparılıb. SİA-nın xəbərinə görə, nəticədə yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 126 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 24 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 31 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki kimyəvi göstəricilərinə görə 914, mikrobioloji göstəricilərinə görə 769, toksikoloji göstəricilərinə görə 218, radioloji göstəricilərinə görə 54 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 8-də orqanoleptik və fiziki-kimyəvi, 21-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən olunub. Şadlıq evlərindən 2380 yaxma nümunəsi, 11 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 34-də mikrobioloji çirklənmə aşkar edilib.

Fevral ayı ərzində əhali arasında 66 qida zəhərlənməsi hadisəsi baş verib, 76 nəfər zərərçəkən olub. O cümlədən 2 botulizm hadisəsi baş verib, 4 nəfər zərərçəkən olub. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi 26/11 ünvanda f/ş H.Məmmədova məxsus süd məhsulları istehsalı sexindən götürülən qatıq və həmin sexin istehsalı olan, Qaradağ rayonu, Lökbatan qəsəbəsində Z.Səfərovaya məxsus ərzaq mağazasından götürülən xama nümunələrinin laboratoriya müayinələrinin nəticələrinə görə nümunələrin Bağırsaq Çöpləri Qrup Bakteriyaları ilə çirklənməsi aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə