Azərbaycan ərazisində "quş qripi" ilə bağlı növbəti monitorinq başa çatıb. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumata görə, müayinə olunmuş nümunələrin heç birində "quş qripi" xəstəliyinin törədicisi aşkar edilməyib.
Bu ilin martın 5-dən başlanmış monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 23 baş çöl, 5 baş ev quşunun patoloji materialları və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1581 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dəniz sahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmamışdır.
Monitorinq DBX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də "Ovçular və balıqçılar" Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB