Azərbaycan Texniki Universitetində görüş keçirilib

Azərbaycan Texniki Universitetində görüş keçirilib

Gənclərə dövlət qayğısının artırılması, onların sosial müdafiəsinin təmin edilməsi, gənclərin məşğulluq problemlərinin həll edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1621 nömrəli 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə \"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə\" Dövlət Proqramı təsdiq edilib.

DQMK-dan SİA-ya verilən məluçata görə, gənclərin dövlət qulluğuna cəlb edilməsi məqsədilə 2012-ci il 14 mart tarixdə Azərbaycan Texniki Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) əməkdaşlarının Universitetin bu il məzun olacaq tələbələri ilə görüşü keçirilib. Görüşdə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli və həmin şöbənin böyük məsləhətçisi Rauf Əliyev iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Texniki Universitetinin tərbiyə işləri üzrə prorektoru texnika üzrə fəlsəfə doktoru, dosent İsa Xəlilov Komissiyanın fəaliyyəti və gördüyü işlər barəsində ümumi məlumatla çıxış edib. Daha sonra Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini R.Məcidbəyli görüş iştirakçılarına son illər dövlət qulluğu sahəsində aparılan islahatlar, Komissiyanın fəaliyyəti və qarşısında duran vəzifələri, dövlət qulluğuna qəbulla bağlı tətbiq olunan yeniliklər və dövlət qulluğunun üstünlükləri barədə məlumat verib.

Universitetin Metallurgiya və metalşünaslıq kafedrasının müdiri texnika elmləri doktoru, professor Sübhan Namazov Komissiya tərəfindən müsahibələrin aparılması və nəticələrinin ekspertizası üzrə görüş iştirakçılarını məlumatlandırdıqdan sonra Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin böyük məsləhətçisi R.Əliyev dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında keçirilməsi şərtlərini və indiyə kimi keçirilən müsabiqələrin statistik göstəricilərini özündə əks etdirən təqdimatla çıxış edib.

Qeyd edək ki, görüşün sonunda Komissiyanın əməkdaşları tələbələri maraqlandıran suallara cavab veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə