İraqın Azərbaycandakı səfiri ADU-da tələbələrlə görüşdü

İraqın Azərbaycandakı səfiri ADU-da tələbələrlə görüşdü

Azərbaycan Dillər Universitetində İraqın Azərbaycandakı səfiri Heydər Ş.Əl-Barakla Ərəbşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin görüşü keçirilib. SİA-nın xəbərinə görə, görüşdə ADU-nun Beynəlxalq əlaqələr ürzə prorektoru, dosent Jalə Qəribova, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev, Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Sevdagül Əliyeva, sözügedən ixtisas üzrə təhsil alan tələbələr və müəllim heyəti iştirak edib.

İraqın Azərbaycandakı səfiri Heydər Ş.Əl-Barak Azərbaycan Dillər Universitetində olmağından məmnunluğunu dilə gətirib. O, ADU-da Ərəbşünaslıq ixtisası üzrə oxuyan tələbələrə əlavə olaraq 1-2 aylıq ərəb dili kurslarının keçirilməsini təklif edib. Eyni zamanda, səfir universitetlərarası tələbə mübadiləsi keçirməyin mümkünlüyündən danışıb. Heydər Ş.Əl-Barak tələbələri və müəllimləri ərəb dilini daha yaxşı öyrənmək və onların təcrübi inkişafı üçün səfirliyə dəvət edib. "Dili öyrənməyin ən vacib tərəfi onu istifadə etməkdir"-deyən səfir ərəb dilində kitablar gətirdiyini də qeyd edib. Azərbaycan ilə münasibətlərin hərtərəfli inkişaf etdirildiyini deyən səfir bu sahədə lazımi tədbirlərin görülməsinin tərəfdarı olduğunu nəzərə çatdırıb.

ADU-nun Beynəlxalq əlaqələr ürzə prorektoru, dosent Jalə Qəribova irəli sürdüyü təşəbbüsə görə səfirə minnətdarlığını bildirib. Prorektor bu fakültənin inkişafına böyük önəm verildiyini və bu çərçivədə əməkdaşlığa, tələbə-müəllim mübadiləsində, konfransların keçrilməsində maraqlı olduğunu dilə gətirib. Akademik heyətlə iş birliyindən danışan prorektor gələcəkdə universitetlərarası proqramın yaradılmasının əhəmiyyətli ola biləcəyini vurğulayıb. Həmçinin, Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Azərbaycanşunaslıq, Qafqazşunaslıq ixtisaslarının mövcudluğunu deyən dosent Jalə Qəribova universitetdə iraqlı tələbələrin də təhsil almaları üçün geniş imkanların olduğunu qeyd edib.

Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev tələbələr üçün dil kurslarının təşkili, yeni dərs vəsaitlərinin təqdim olunmasının vacib olduğunu qeyd edib. "Keçmiş görüşdə tələbələr ərəb dilində danışmağa tərəddüd edirdilərsə, bu gün tələbələrin ərəb dilində qısa ünsiyyəti sevindirici haldır"-deyən fakültə dekanı kitabxanada ərəbşunaslıq guşəsinin yaratmağın təqdirə layiq olduğunu vurğulayıb. Dosent Məcid Əliyev tələbələrə təkcə ərəb dilini deyil, həm də dil vasitəsilə ölkənin hüquq, siyasi sistemi, mədəniyyətinin öyrədildilyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə