Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dilinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müdiri, dosent Fialə Abdullayevanın "Azərbaycan dili" adlı kitabı çapdan çıxıb. SİA-nın məlumatına görə, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın redaktoru, İradə Vahabova və Səbinə Əliyevanın da həmmüəllifi olduğu dərs vəsaiti Azərbaycan dilini elementar səviyyədə bilən və bu dilin orta səviyyəsini mənimsəməyi qarşısına məqsəd qoyan əcnəbilər üçün nəzərdə tutulub. Bu dildə mükəmməl ünsiyyət qurmaq üçün oxu, yazı, eşidib-anlama və danışıq vərdişlərinin inkişafının zəruriliyini nəzərə alaraq həmmüəlliflər kitaba şifahi nitq, qrammatika, oxu, yazı bölmələrini daxil ediblər.
Kitabda təqdim olunan mövzular bütün bölmələrdə bir-birini tamamlayır və materialların inteqrativ surətdə tədrisi bölmələr üzrə bütün tapşırıqlarda öz əksini tapır. Vəsait, eyni zamanda onu oxuyanlarda Azərbaycanın tarixi, müasir durumu, mədəniyyət, incəsənət və elm xadimləri, neft sənayesi və digər təsərrüfat sahələri, turizm imkanları haqqında lazımi təsəvvür yaradır. Nəticədə oxucular mətnlər vasitəsilə Azərbaycan dilinin orta səviyyəsi üçün məqbul sayılan söz ehtiyatı ilə tanış olur, həmin mətnlərdəki qrammatik qaydaları mənimsəyir, Azərbaycanını adət-ənənələri barədə bilgilər əldə edirlər.
Bu baxımdan yeni nəşr əcnəbilərin Azərbaycan haqqında bilgilər əldə etməsi istiqamətində uğur kimi dəyərləndirilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB