2012-2013-cü tədris ili üçün xüsusi təyinatlı ali təhsil müəssisələrinə tələbə qəbulu elan edilib

2012-2013-cü tədris ili üçün xüsusi təyinatlı ali təhsil müəssisələrinə tələbə qəbulu elan edilib

2012-2013-cü tədris ili üçün xüsusi təyinatlı ali təhsil müəssisələrinə tələbə qəbulu elan edilib. SİA-nın verdiyi xəbərə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, xüsusi təyinatlı təhsil müəssisələrinə, yəni Daxili İşlər Nazirliyinin Polis Akademiyasına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Müdafiə Nazirliyinin Ali Hərbi Məktəblərinə, Tibb Universitetinin Ali Hərbi Tibb Fakültəsinə, Orta Hərbi Tibbi Məktəbinə və hərbi liseylərə qəbul iki mərhələdə aparılır.

Onun sözlərinə görə, I mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunan həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilən fənnlərdən TQDK tərəfindən keçirən test imtahanını verməlidir.

\"2012-2013-cü tədris ili üçün Polis Akademiyasına əyani təhsil üzrə ərizə və sənədlərin qəbulu martın 1-dən aprelin 10-dək aparılacaq. Ali Hərbi məktəblərə qəbul olmaq istəyən kursantlar aprelin 1-dən mayın 30-dək ərizə ilə məktəb rəisinə müraciət etməlidirlər\",- deyə TQDK sədri bildirib.

Həmçinin M. Abbaszadə əlavə edib ki, Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin hərbi həkim işi ixtisası üzrə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən mayın 30-dək ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər.

Tibb Universitetinin Hərbi Tibb Məktəbinə feldşer ixtisası üzrə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən mayın 30-dək hərbi tibb fakültəsi rəisinin adına ərizə təqdim etməlidirlər.

Müdafiə Nazirliyinin hərbi litseylərinə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən mayın 30-dək hərbi lisey rəisinin adına ərizə ilə müraciət etməlidir.


Könül Kamilqızı


Bütün xəbərlər Facebook səhifəmizdə