TQDK sədri 2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul qaydalarını açıqlayıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarını açıqlayıb.
"Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq. Abituriyentlər TQDK tərəfindən təyin olunan vaxtda internet vasitəsilə TQDK-nın rəsmi saytında "Abituriyentin elektron ərizəsi"ni dolduraraq müvafiq sənədləri Komissiya tərəfindən yaradılan Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Qəbul imtahanları keçirildikdən sonra müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər "Elektron ərizə"lərində qəbul olunmaq istədikləri ixtisas kodunu qeyd edəcəklər". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında qeyd edib.
M. Abbaszadənin sözlərinə görə, bu il test blokuna iki fənn üzrə açıq tipli test tapşırıqları daxil ediləcək. Belə ki, bütün qruplarda iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 5-i açıq tipli olacaq. I ixtisas qrupunda riyaziyyat və fizika, II ixtisas qrupunda riyaziyyat və coğrafiya, III ixtisas qrupunda riyaziyyat və tarix, IV ixtisas qrupunda isə riyaziyyat və kimya fənlərində açıq tipli test tapşırıqlarından istifadə ediləcək.
Həmçinin o qeyd edib ki, bu il ali təhsil müəssisələrinin III ixtisas qrupunda olan ixtisaslar DT və XH alt qruplarına bölünməyəcək və bu qrupda imtahan balları vahid qaydada hesablanacaq. Həmin qrup üzrə Ana dili və tarix fənləri əsas fənlər hesab olunacaq və fənlərin çəki əmsalları Ana dilində 2, tarixdə 2, riyaziyyat, ədəbiyyat və xarici dil fənlərinin hər birində 1 bal nəzərə alınacaq.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB