Nazir Türkiyə ilə əməkdaşlığın özəl səhiyyə sektorunda da genişləndirilməsinin tərəfdaşı olduğunu bildirdi

Nazir Türkiyə ilə əməkdaşlığın özəl səhiyyə sektorunda da genişləndirilməsinin tərəfdaşı olduğunu bildirdi

Səhiyyə naziri Oqtay Şirəliyev Türkiyənin nüfuzlu xəstəxanalarının rəhbərlərindən ibarət "Sağlık Turizmi İş Konseyi Yürütmə Kurulu"nun nümayəndələri ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə məqsəd ölkələr arasında səhiyyə turizmi və ikitərəfli əlaqələrinin daha da genişləndirilməsini müzakirə etmək olub.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da iştirak edib. Qonaqları salamlayan nazir ölkə səhiyyəsinin hazırkı durumundan, əldə olunan nailiyyətlərdən, yeni tikilib yaxud da əsaslı təmirdən sonra istifadəyə verilən tibb müəssisələrindən danışmış, kadr hazırlığı sahəsində görülən işlər haqqında qonaqları məlumatlandırıb. O.Şirəliyev iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də mövcud olan əməkdaşlığın özəl səhiyyə sektorunda da genişləndirilməsinin tərəfdaşı olduğunu bildirib və bu baxımdan uzun illərin təcrübəsinə malik Türkiyənin nüfuzlu özəl klinikalarından yararlanmağın tərəfdarı olduğunu bildirib. Nazir səhiyyə sektorunun inkişafında xüsusi diqqət və önəm verilən kadr hazırlığını daha da inkişaf etdirmək məqsədi ilə hər il azərbaycanlı mütəxəssislərdən ibarət nümayəndə heyətinin dövlət hesabına Türkiyənin nüfuzlu klinikalarında tibbin prioritet sahələri üzrə təkmilləşdirmə kurslarına göndərildiklərini və bu günə kimi də bu prosesin davam etdirildiyini qeyd edib.

Qonaqlar öz ölkələrində, habelə rəhbərlik etdikləri özəl klinikalarında həkimlərimizlə birgə çalışmaq istədiklərini, təkmilləşmə kursları keçmək istəyən mütəxəssislərimizə isə lazımı yardım və dəstək göstərməyək hazır olduqlarını bildiriblər. Qonaqlar səfər çərçivəsində Azərbaycanın bir sıra tibb müəssisələri ilə tanış olmaq arzularını səsləndiriblər və bu təklif nazir Oqtay Şırəliyev tərəfindən müsbət qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə