Akademik İbrahim İbrahimovun 100 illik yubileyinə həsr olunmuş konfrans keçirildi

Akademik İbrahim İbrahimovun 100 illik yubileyinə həsr olunmuş konfrans keçirildi

AMEA Rəyasət Heyətində fizika-riyaziyyat elmləri doktoru, professorİbrahim İbrahimovun 100 illik yubileyinə həsr olunmuş "Funksiyalar nəzəriyyəsi və harmonik analizin problemləri" adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, konfransı giriş sözü ilə açan AMEA prezidenti, akademik Mahmud Kərimov akademik İbrahim İbrahimovun həyat və elmi fəaliyyəti haqqında ətraflı məlumat verib.

O bildirib ki, İ.İbrahimov riyaziyyat üzrə ilk azərbaycanlı alim kimi, əldə etdiyi elmi nailiyyətlər, hazırladığı elmi kadrlar, yazdığı çoxsaylı monoqrafiya və dərslikləri, elmi-tədqiqatları və elmi-metodiki işləri ilə daim Azərbaycan riyaziyyat elminin önündə gedib, Azərbaycanda riyaziyyat elmini yüksəldən, onu dünya miqyasına çıxaran alimlərdən biri olub.

İbrahim İbrahimov 1912-ci ildə Qaryagin qəzasının (hazırkı Füzuli rayonu) Qarğabazar kəndində anadan olub. O, iki yaşında ikən atasını itirmiş və anasının himayəsində çətinliklə böyümüş, təhsil alıb. Orta təhsilini Gəncədə başa vuran İ.İbrahimov 1935-ci ildə Bakıda Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Elmi axtarışlarını davam etdirmək istəyən İ.İbrahimov 1937-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına köçürülüb və A.O.Qelfondun rəhbərliyi ilə 1939-cu ildə mexanika-riyaziyyat fakültəsinin elmi şurasında "Bəzi analitik funksiyalar sisteminin tamlığı"mövzusunda namizədlik dissertasiyası müdafiə edərək Azərbaycanda riyaziyyat sahəsində elmlər namizədi elmi adını alıb. Onun Azərbaycanın ali məktəblərində ali riyaziyyatın tədrisi və təşkili sahəsində böyük xidmətləri olub. O, yeni interpolyasiyalar qurub, onlar üçün yığılma meyarları verib və iki nöqtə problemini həll edib.

Konfrans öz işini martın 1-nə kimi seksiyalar üzrə davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə