Şahlar Əsgərov: \"Bugün dövlətdən əlavə vəsait almadan müəllimlərin maaşını 800 manata qaldırmaq mümkündür\"-MÜSAHİBƏ
Son günlər təhsil ictimaiyyətini maraqlandıran önəmli məsələlərdən biri də ölkədə 12 illik təhsil sisteminə keçid məsələsidir. Bu bir çoxları tərəfindən müsbət qarşılansa da yeni təhsil sisteminə keçidin əlavə problemlərə səbəb olacağını düşünənlər də var. Bunlardan biri də Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, təhsil eksperti Şahlar Əsgərov bu məsələ ilə bağlı fikirlərini SİA-ya müsahibəsində bölüşdü.
- Bu gün Azərbaycanda 12 illik təhsil sisteminə keçidə nə dərəcədə zərurət var?
- Hesab edirəm ki, bu gün Azərbaycan təhsilində problemlər çoxdur. Məktəblər problemi zamanla həll olunur, yeniləri tikilir, şöbələri, kabinetlər istifadəyə verilir. Amma çoxlu problemlər olan yerdə əlavə problem yaratmağa ehtiyac yoxdur. 12 illik təhsilə keçid çoxlu əlavə problemlər yaradacaq. Amma bu gün təhsilin özündə də həlli vacib olan çoxlu problemlər var. 12 illik təhsil problemini gündəliyə gətirməkdənsə, bu problemləri həll etsək daha yaxşıdır. Bu mənim dəyişməz mövqeyimdir. Hər il nə qədər şagird məktəbdən kənarda qalır ki, onları təhsilə cəlb etmək lazımdır. Çoxlu problemlərin üzərinə əlavə problemləri gətirməyi məqsədəuyğun saymıram. Ümumiyyətlə, dövlət nə qədər çox gənclərə təhsil verərsə, bu dövlətə başucalığı gətirər.
- Konkret desək, 12 illik təhsilə keçid Azərbaycan təhsilinə hansı problemlər və ya yeniliklər gətirə bilər?
- Bu məsələnin hər hansı bir yenilik gətirəcəyini düşünmürəm. 12 illik təhsilə keçid kitabların yazılması, 12 il bu uşaqlara nədən dərs keçilməsi, təzə siniflərlə yanaşı əlavə məktəb tikintiləri və digər problemlər yaradacaq. Bu gün ölkədə 3000 min məktəb var. Onu 10 illik təhsilə böldükdə hər ilə 30 məktəb edir ki, təhsilə iki ilin əlavə edilməsi 100-lərlə məktəb tikintisi deməkdir. 12 illik təhsildə uşaqlar məktəblər və lazımi dərsliklərlə təmin olunmalıdır. Bu gün bütün dərsliklərimiz keyfiyyətlidirmi? İlk növbədə bu gün keçdiklərimizin keyfiyyətini qaldıraq, ondan sonra bu mərhələyə keçək. Təhsil nə qədər çox müzakirə olunsa. yaxşıdır. Amma təhsilə bir fəlsəfi baxış lazımdır. Bundan əlavə, məsələyə dövlət marağından baxmaq gərəkir. Təhsilə bu gün kifayət qədər pul ayrılır. Amma təhsil maşını bu pulları biliyə çevirə bilmir.
- 12 illik təhsilə keçidin repetitorluğun qarşısının alacağı deyilir. Sizin bu fikirlərə münasibətiniz necədir?
- Repetitorluğun qarşısını almaq üçün məktəblərə vicdanlı direktorlar təyin etmək lazımdır. Bundan əlavə, repetitorluq məsələsinin digər bir həlli var. Bu da məsələyə elmi yanaşmanı tələb edir.
- Ölkədə "Azərbaycan-2020" İnkişaf Konsepsiyası hazırlanır. Siz bir təhsil eksperti olaraq, ölkə təhsilində nələrin inkişaf etdirilməsi və dəyişdirilməsini istərdiniz?
- Bu gün təhsildə görünən və görülməz problemlər var. Təhsilin ali məqsədi ölkə gənclərinə bilik verməkdən ibarətdir. Bu gün mövcud vəziyyət 700 ballıq sistemdə 200 bal verir. Gərək məktəb maşınını elə nizamlayaq ki, məktəbi qurtaran uşaqlar orta təhsil almış olsun. Bundan əlavə, ən azından 1 dil öyrənsin. Bu gün biz 9 milyonluq bir xalqıq, amma keyfiyyətli kitab yaza bilmərik. Böyük xalqlar isə keyfiyyətli kitablar yazır. Biz öz kitablarımız əvəzinə dil bilsək keyfiyyətli kitabları oxuya bilərlər. Təhsilin 3 vəzifəsi var ki, bunlar da bilikləri keyfiyyətli ötürmək, biliyin qiymətləndirilməsi və təhsilə nəzarətdır. Bunların heç biri 100%-lik yerinə yetirilmir. Bunları 100%-ə qaldırmaq lazımdır. Bugünki təhsil büdcəsi ilə və dövlətdən əlavə vəsait almadan müəllimlərin maaşını 800 manata qaldırmaq mümkündür. Bundan sonra repetitorluq olmayacaq. Amma öz daxili resursumuz hesabına bunu qaldırmaq mümkündür. Bir sözlə, təhsil millət, hökumət, xalq qarşısında götürdüyü öhdəçiliyi yerinə yetirməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB