Bu günlərdə paytaxt məktəbləri də Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirir. SİA-nın xəbərinə görə, növbəti belə tədbir Bakının Xətai rayonu 138 saylı məktəbində təşkil olunub. Dövlət Himninin səslənməsi ilə başlayan tədbirin əvvəlində Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində çıxış edən məktəbin direktoru Mirfaiq Mirheydərli Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verib. O bildirib ki, Xocalı faciəsi Azərbaycan tarixinin yaddaşına yazılan qanlı günlərdən biridir. Bir gecədə Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin Xankəndidəki 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən azərbaycanlılara qarşı törədilmiş dəhşətli qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 1275 dinc sakin girov götürülüb, 155 nəfər itkin düşüb. Bu dəhşətli soyqırımına hüquqi-siyasi qiymət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Belə ki, 1994-cü ildə Milli Məclisdə Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilib, 26 fevral "Xocalı soyqırımı günü" elan edilib: "Həmçinin son illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində sistemli iş aparılır. Təsadüfi deyildir ki, bu il Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı dünyanın 60-dan çox ölkəsində anma mərasimləri keçirilir. Təbii ki, bu tarixi hadisə ilə bağlı məktəblilər, uşaqlar mütəmadi olaraq məlumatlandırılmalıdır".
Tədbirin davamında məktəblilər "Köksümüzə dağ çəkdilər, bu qan yerdə qalmayacaq" adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Kompozisiya Xocalı faciəsinin dəhşətlərindən, vəhşi erməni yaraqlıları tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən bəhs edir. Məktəblilər bu kompozisiya vasitəsilə heç kimdən kömək görməyən silahsız Xocalı sakinlərinin vəhşicəsinə öldürülməsi, insanların şikəst edilərək əsir götürülməsi və digər dəhşətli səhnələr bir daha real faktlar əsasında tamaşaçılara çatdırıblar.
Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə nümayiş etdirilən ədəbi-bədii kompoziya nazirliyinin təhsil alan gənclərin respublika bədii yaradıcılıq mərkəzinin metodisti Sevinc Şirin, məktəbin müəllimləri Kəmalə Cəfərova və Şərqiyyə xanım tərəfindən hazırlanıb, rollar isə məktəblilər tərəfindən canlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB