“Sabahın alimləri” adlı Respublika müsabiqəsinin açılış mərasimi keçirildi
Bu gün təhsil naziri Misir Mərdanov və gənclər və idman naziri Azad Rəhimovun iştirakı ilə "Sabahın alimləri" mövzusunda Respublika müsabiqəsinin açılış mərasimi oldu. Azərbaycanda ilk dəfə təşkil olunan bu müsabiqənin məqsədi orta məktəblərin yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və müsabiqənin qalibi olacaq 5 nəfəri ABŞ-da hər il keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisi- "İntel İSEF"-ə göndərməkdir.
Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov müsabiqənin keçirilmə zəruriyyətinin yaranmasından və bu müsabiqənin ölkədəki gənclərin elmi potensialının daha da inkişaf etdirilməsindən danışdı: "Bu tipli tədbir Azərbaycanda ilk dəfə olaraq keçirilir. Yəni indiyə kimi nə biz, nə Gənclər və İdman Nazirliyi \"İntel\" şirkəti ilə birlikdə bu kimi tədbir keçirməmişik. Bu tədbirin qısaca tarixindən danışmaq istərdim, belə ki 2011-ci ildə bizə İSEF təşkilatından dəvət gəlmişdi ki, Amerikada belə bir tədbir keçirilir, burada iştirak etmək lazımdır. Sözün düzü, əvvəlcə biz bir az fikirləşdik ki, burada iştirak edək və ya etməyək. Təhsil Nazirliyində qərara gəldik ki, burada iştirak etsək yaxşıdır. Bizim nazirliyin elm şöbəsi başda olmaqla orada iştirak etdilər və geriyə qayıtdıqdan sonra Təhsil Nazirliyində geniş təqdimat mərasimi keçirdik. Qərara gəldik ki, nə qədər mürəkkəb və çətin olsa da gələn il bu tədbirin final mərhələsində iştirak etməliyik"
Qeyd edək ki, Təhsil Nazirindən sonra müsabiqə haqqında fikirlərini ifadə edən gənclər və idman naziri Azad Rəhimov da keçirilən müsabiqənin ölkə gəncləri üçün çox böyük əhəmiyyət daşıdığını, belə müsabiqələrin gənclər üçün xarici təcrübənin əldə olunmasında daşıdığı rolundan danışdı.
Məlumat üçün bildirək ki, müsabiqədə 37 elmi layihənin müəllifi iştirak edir. Həmin layihələrdən 18-i kollektiv, 29-u isə fərdi şəkildə hazırlanıb. Şagirdlərin elmi layihələri riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, komputer elmləri kateqoriyaları üzrə qiymətləndiriləcək.
Xatırladaq ki, fevralın 24-də keçiriləcək mükafatlandırılma mərasimində müsabiqənin qalibləri pul mükafatı, diplom və medal təqdim olunacaq. Münsiflər heyəti tərəfindən seçilmiş 5 şagirdə bu il may ayında ABŞ-ın Pitsburq şəhərində keçiriləcək "İntel İSEF" müsabiqəsində iştirak etmək imkanı yaradılacaq.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB