Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib. SİA-nın xəbərinə görə, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Məlumata görə, respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2012-ci ilin yanvar ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya nümunələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 31 müəssisənin sahibkarı inzibatı qaydada cərimə olunub, 2 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 1 nəfər isə işdən müvəqqəti kənarlaşdırılıb.

"Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 325, mikrobioloji göstəricilərinə görə 259, toksikoloji göstəricilərinə görə 92, radioloji göstəricilərinə görə 13 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 10-da orqanoleptik və fiziki-kimyəvi, 5-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub" – deyə, məlumatda bildirilir.

Bundan başqa yoxlamalar zamanı şadlıq evlərindən 920 yaxma nümunəsi götürülüb, yaxma nümunələrində mikrobioloji çirklənmə aşkar edilib.

Qeyd edək ki, yanvar ayı ərzində əhali arasında 61 qida zəhərlənməsi hadisəsi baş verib, 66 nəfər zərərçəkən olub. O cümlədən 4 botulizm hadisəsi baş verib, 6 nəfər zərərçəkən olub.

Bütün xəbərlər Facebook səhifəmizdə