ARDNŞ-dan tələbələrə dəstək davam edir

ARDNŞ-dan tələbələrə dəstək davam edir

Bu gün Azərbaycan Texniki Universitetində (ATU) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) İşə Qəbul və Təqaüd Proqramının təqdimatı ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov açaraq mərasimin məqsəd və mahiyyətindən danışıb. O bildirib ki, ARDNŞ son illərdə təhsilin inkişafı üçün bir çox işlər görüb: "Ölkəmizdə gedən sürətli inkişaf təhsilə daha çox diqqət yetirilməsinə imkan verir. Gənclərin xaricdə təhsil almaları üçün ölkə prezidenti İlham Əliyev tərəfindən dövlət proqramı təsdiq olunub. 2004-2005-ci illərdən başlayaraq Dövlət Neft Şirkəti tələbələrə təqaüd proqramı hazırlayıb və bu yöndə işlər uğurla reallaşdırılır. Bu proqram müəyyən ixtisasları əhatə edir. Həmin ixtisaslara uyğun olaraq müvafiq ixtisasların fəal tələbələri bu gün burada iştirak edir. Bu tədbirlər sizin üçündür, sizin yararlanmağınız məqsədilə təşkil edilib".

İ. Xəlilov ATU tələbələrinin ARDNŞ-nin təqaüd proqramları prosesində çox zəif iştirak etdiyini və bundan təəssüfləndiyini deyib: "Siz Neft Şirkətinin internet saytında bu proqramdan yararlanan tələbələrin siyahısına baxsanız, orada Texniki Universitetin tələbələrinin sayı çox az olduğunu görərsiniz".

Tədbirdə ARDNŞ-nin işə qəbul və yerləşdirmə şöbəsinin rəisi Teymur Mahmudov, təlim və inkişaf şöbəsinin rəis müavini Mahal Mehdiyev, həmin şöbənin əməkdaşı Vüsalə Cəfərli çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, ARDNŞ yüksək ixtisaslı gənc neft-kimya mütəxəssislərinin hazırlanmasını daim diqqət mərkəzində saxlayır. İstedadlı və perspektivli gənclərin ARDNŞ-in vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə qurumun Təqaüd Proqramı çərçivəsində həyata keçirilən işlər uğurla davam etdirilir.

Bu Proqram hər il təhsildə biliyi ilə fərqlənən gənclərin xarici ölkədə bakalavr və magistr pilləsi üzrə təhsil almasına geniş imkanlar açır. Eyni zamanda onların işlə təmin olunmasına şərait yaradır.

Tədbirdə tələbələri maraqlandıran suallar qurum əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə