12 illik təhsil sisteminə keçid hansı yenilikləri vəd edir? - ARAŞDIRMA

12 illik təhsil sisteminə keçid hansı yenilikləri vəd edir? - ARAŞDIRMA

Bu günlərdə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında Azərbaycanda 12 illik təhsil sisteminə keçidlə bağlı "Təhsil haqqında" qanuna dəyişiklik ediləcəyini deyib. O bildirib ki, hazırda dünyanın 90 faiz ölkələrində 12 illik təhsil sistemi tətbiq olunur. Nazirin sözlərinə görə, 12 illik təhsilə keçiddən sonra ümumi orta təhsilin məzmununa dəyişiklik ediləcək. "10 illik təhsil məcburi olacaq, sonrakı 2 il isə ali məktəbə qəbul olunmaq istəyənlər üçün olacaq. Bu məsələ ilə repetitor problemi də öz həllini tapacaq".

Təbii ki, bundan sonra ölkədə 12 illik təhsilə keçid bir çox müzakirələrə səbəb oldu. Təhsil ictiamiyyətinin bəziləri bunun ölkə təhsilinə yeniliklər gətirəcəyini desə də, bəziləri bunun əlavə problemlərə səbəb olacağını bildirib.

Təhsil Nazirliyinin şöbəsinin müdiri Aydın Əhmədov deyib ki, 12 illik təhsil sisteminə keçidin əsas məqsədi dünya təcrübəsinə uyğunlaşmaqdır. Onun sözlərinə görə, bu, 12 illik təhsil müddətinə keçid şagirdlərin sağlamlığına, onların proqram materiallarının tədris ili ərzində mənimsənilməsinin asanlaşdırılmasına kömək edəcək.

Bu sistemə keçid üçün bir çox təşkilati işlərin görülməli olduğunu deyən şöbə müdiri qeyd edib ki, Azərbaycanda 12 illik orta təhsil sisteminə keçidlə əlaqədar ümumi təhsilin məzmununda, strukturunda müəyyən dəyişikliklər olacaq. Bu sistemə keçid üçün xeyli təşkilati işlər görülməlidir.

"Prezidentinin təsdiq etdiyi Təhsil Komissiyası tərəfindən hazırlanan Milli Təhsil Strategiyasında 12 illik təhsil sisteminə keçid nəzərdə tutulub. Hazırda qüvvədə olan Azərbaycanda orta təhsilin müddəti 11 ildir və onun 9 ili icbari təhsildir. 12 illik təhsil sistemi olduqdan sonra isə icbari təhsil 10 illik olacaq, sonrakı iki il isə tam orta təhsil səviyyəsi hesab ediləcək. Ali təhsil almaq istəyənlər yuxarı təhsil səviyyəsində oxuyacaqlar. İcbari təhsil müddəti bitdikdən sonra yuxarı siniflərdə ali təhsil almaq üçün ən yaxşı potensialı olan şagirdlər oxuyacaqlar. Qalanlar isə icbari təhsil aldıqdan sonra texniki peşə məktəbləri, texnikumlarda və s. təhsil alacaqlar, işləyəcəklər. Yəni bu məsələdə hər şey insanın potensialına görə həll olunur", - deyə o əlavə edib.

Təhsil eksperti Şahlar Əsgərov isə 12 illik təhsilə keçilmənin əsassız olduğunu deyib. O bidlirib ki, bu gün Azərbaycan təhsilində problemlər çoxdur və onların həlli daha vacibdir: "Əvvəllər də yeni məktəb tikintiləri, siniflərin və kompyuterlərin çatışmazlığı kimi problemlər olub. Hazırda bu kimi problemlər həll edilməkdədir. Bu kimi müəyyən problemlər olduğu halda əlavə problem yaratmağa ehtiyac yoxdur. Qeyd edm ki, 12 illik təhsilə keçid çoxlu əlavə problemlər yaradacaq. Bu dəqiqə təhsilin özündə çoxlu problemlər var. Biz 12 illik təhsilə keçmək yerinə, təhsildə olan problemləri həll etsək daha yaxşı olar. Bununla bağlı 10 illik məktəb mənim dəyişməz mövqeyimdir".

Məktəb direktorları və ya valideynlər isə hələ də bunun məqsəd və nəticələrindən hələki xəbərsiz olduqlarını deyib. Valideynlər bunun şagirdlər üçün müəyyən çətinliklər törədəcəyini düşünür.

Hər halda, cəmiyyət inkişaf etdikcə onun mühüm tərkib hissəsi olan təhsil də buna uyğunlaşdırılmalıdır. Amma elə edək ki, təhsildə tətbiq ediləcək yeniliklər əlavə problemlərin yaranmasına səbəb olmayacaq. İnanırıq ki, 12 illik təhsil sisteminə keçid müəyyən ölkə təhsilinə irəliləyişlər gətirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə