Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr” mövzusunda dəyirmi masa keçirilib-YENİLƏNİB-FOTOSESSİYA

Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr” mövzusunda dəyirmi masa keçirilib-YENİLƏNİB-FOTOSESSİYA

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar "Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr" mövzusunda dəyirmi masa keçirib. SİA-nın məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyası sədrinin müavini-İcra katibi Əli Əhmədov, partiya rəsmiləri, təhsil naziri Misir Mərdanov, ali məktəblərin rəhbərləri və digər qonaqlar iştirak ediblər. Tədbirdə Azərbaycanda təhsilin inkişafı və gələcək perspektivlər müzakirə edilib.

Təhsil naziri Misir Mərdanov \"Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr\" adlı dəyirmi masada çıxışı zamanı təhsilin bugünki vəziyyəti, problemləri və qarşıda duran məsələlər aydınlıq gətirib. Geniş məruzə ilə çıxış edən nazir Misir Mərdanov bildirib ki, repetitorluq məsələsi Azərbaycan cəmiyyəti üçün çox problemli məsələrdən biridir. Onun sözlərinə görə, uşaqlar ali məktəbə daxil olmamışdan əvvəl elə yük altına düşürlər ki, hətta bəzi vaxtda ömürlük xəstə qalırlar: "Dünyada repetitorluq təhsil və müəllimi hörmətdən salmaq üçün deyil. Yaxşı müəllimlər tədrisi atıb yalnız repetiroluqla məşğuldurlar və yaxud şagirdləri dərsdən yayındırıb repetitorluğa cəlb edirlər. Çoxları bunu ümumi təhsilin səviyyəsinin aşağı olması ilə bağlayır, mən bununla razı deyiləm".

Nazir qeyd edib ki, Azərbaycanda təhsili inkişaf etdirmək üçün tələbə qəbulu sistemini dəyişmək qarşıya məqsəd kimi qoyulub. Onun sözlərinə görə, tələbə qəbulu prosesində tətbiq edilən test üsulunun çox böyük üstünlükləri var, lakin üzbəüz imtahan olmasa, bir sıra peşələrə yiyələnməyə qadir olan insanları seçmək mümkün olmur. Bundan əlavə, nazir məktəbdənkənar müəssisələrinin fəaliyyətini dayandırmaq barədə düşünmədiklərini deyib.

M.Mərdanov vurğulayıb ki, Azərbaycanda Təhsil haqqında qanunda dəyişiklik ediləcək və orta məktəblərin 12 illik təhsilə keçməsi barədə qərar qəbul ediləcək. Bununla da Azərbaycan cəmiyyətində çox ciddi bir problem olan repetitorluğun alınmasının qarşısına sədd çəkəcək. Nazirin sözlərinə görə, bundan sonra proqramlar tamamilə dəyişiləcək, ümumi orta təhsilin məzmununda ciddi dəyişiklər gedəcək, müəllim hazırlığında ciddi dəyişilik olacaq: "Təhsil haqqında qanun qəbul olunarkən Təhsil Nazirliyi olaraq ciddi cəhdlə çalışdıq ki, 12 illik təhsilə keçirilsin. Ancaq təssüf ki, buna nail olmadıq. Amma qanunun qəbul olunmasında iki il keçəndən sonra hamı görür ki, dünya ölkələrinin 90 faizində 12 illik təhsil sisteminə keçilib. Ona görədə təhsil haqqında qanunda dəyişiklik ediləcək və orta təhsilin 12 illik təhsilə keçməsi barədə qərar qəbul ediləcək. Ondan sonra dünya təshil sisteminə inteqrasiya istiqamətində işimizi davam etdirəcəyik. Bu gün Azərbaycanda tam orta təhsilin müddəti 11 ildir, Gürcüstanda isə 12 ildir, burada da iki ölkənin təhsili arasında problem yaranır. 10-12-ci sinflərdə şagirdlər ali təhsilə gedərkən verəcəyi imtahanlara hazırlaşmağa gedəcəklər. Bu gün Azərbaycan cəmiyyətində çox ciddi bir problem olan repetitorluğun alınmasının qarşısına sədd çəkiləcək\".

YAP sədrinin müavini Əli Əhmədov isə prezident İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamın əhəmiyyətini vurğulayıb və həmin sənəddə milli təhsilin gələcəyi ilə bağlı zəruri məqamların olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan milli təhsilinin inkişafında yeniliklərə, daha düzgün hədəflərə çatmaq üçün mühüm işlərə imza atılacaq.

"Təhsil cəmiyyəti maraqlandıran, onun bütün nümayəndələrini əhatə edən bir sferadır. Bu cür ictimai müzakirələrdə səsləndirilən fikirlər inkişaf konsepsiyasının hazırlanmasına öz töhfəsini verə bilər. Bu tədbirdə səsləndirilən fikirlər ümumilikdə konsepsiyasının işinə müsbət təsir edəcək və işçi qrupu tərəfindən nəzərə alınacaq. Beləliklə də hazırlanacaq konsepsiyanın ictimai tutumu, əhval-ruhiyyəni nəzərə almaq nöqteyi-nəzərdən daha da yüksək olacaq. Tədbirdə səsləndirilən fikirlərin əksəriyyəti Azərbaycan cəmiyyətinin maraqlandırır. Bunlar həmçinin, təhsil sahəsində islahatların daha geniş miqyasda aparılmasına öz töhfəsini verəcək", - deyə o əlavə edib.

Tədbirin davamında çıxış edən tədbir iştirakçıları, o cümlədən rektorlar-Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov mövzu ətrafında fikirlərini bildirib, təkliflərini açıqlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə