Akademik İbrahim İbrahimovun 100 illik yubileyinə həsr olunmuş konfrans keçiriləcək

Akademik İbrahim İbrahimovun 100 illik yubileyinə həsr olunmuş konfrans keçiriləcək

Fevralın 28-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor İbrahim İbrahimovun 100 illik yubileyinə həsr olunan "Funksiyalar nəzəriyyəsi və harmonik analizin problemləri" adlı beynəlxalq konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, martın 1-ə kimi davam edəcək tədbirdə ABŞ, Rusiya, Ukrayna, Türkiyə, İran və s. ölkələrin tanınmış alimləri iştirak edəcək.

Akademik İ.İbrahimov Azərbaycanda ilk dəfə olaraq riyaziyyat sahəsində elmlər namizədi adını almış azərbaycanlı alimdir. O, analitik funksiya vasitəsilə düzələn bəzi sistemlərin tamlığını tədqiq edərək riyazi analiz sahəsində klassik nəticələr əldə etmiş, 170-dən çox elmi əsərin, bir sıra monoqrafiya və dərsliklərin müəllifidir. Riyazi analizin müxtəlif sahələrində və riyaziyyatın tədrisi metodikası üzrə 40-dan çox elmlər namizədi və 4 nəfər elmlər doktoru hazırlamışdır. Onun Azərbaycanın ali məktəblərində ali riyaziyyatın tədrisi və təşkili sahəsində böyük xidmətləri olmuşdur. 1955-ci ildə "Ədədlər nəzəriyyəsinin əsasları", 1957-ci ildə "Sıralar nəzəriyyəsinin əsasları" və 1962-ci ildə "Riyazi analiz kursu" dərslikləri çap edilib. 1950-1952-ci illərdə K.Rosse və İ.Privalov tərəfindən ali məktəblər üçün yazılmış "Diferensial hesabı" və "İnteqral hesabı" kimi iki hissədən ibarət olan kitabları Azərbaycan dilinə tərcümə edib, yaxınlaşmalar, interpolyasiya, tam funksiyalar nəzəriyyələri sahələrində dünya riyaziyyatçıları tərəfindən yüksək qiymətləndirilən mühüm nəticələr alıb. O, yeni interpolyasiyalar qurmuş, onlar üçün yığılma meyarları vermiş və iki nöqtə problemini həll edib.

Akademik Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə