Mürsəl Həmidov: “Bəzi insanlar təcili yardımı lazımsız ünvana çağırmaqla hansısa xəstənin həyatı ilə oynayır”-MÜSAHİBƏ

Mürsəl Həmidov: “Bəzi insanlar təcili yardımı lazımsız ünvana çağırmaqla hansısa xəstənin həyatı ilə oynayır”-MÜSAHİBƏ

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun SİA-ya müsahibəsi:

- Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində nə qədər şikayət daxil olur və onlara lazımi səviyyədə kömək edilirmi?

- Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əlindən gələn bütün imkanlardan istifadə edir ki, müraciət edən hər bir xəstəyə vaxtında yardım göstərilsin və zərurət yarandığı halda xəstəxanaya çatdırılsın. Buna sakinlər əmin olmalıdır. İstənilən anda insanların sağlamlığı, qəfləti baş verəcək hadisələrin aradan qaldırılması üçün hər zaman hazırdır.

- Gün ərzində stansiyaya nə qədər əsassız müraciətlər daxil olur və bunlar sizi nə dərəcədə narahat edir?

- Belə müraciətlər təcili yardım üçün hələ də problem olaraq qalır. Bir çox hallarda təcili tibbi yardıma ehtiyacı olmayan insanlar, yəni poliklinika, ambulator şəraitində müalicəyə ehtiyacı olan insanlar təcili yardıma müraciət edir. Hətta yalandan təcili yardım briqadaları ayrı-ayrı ünvanlara çağırılırlar. Təəssüflər olsun ki, həmin briqadanın hansı əziyyətlə o ünvana gəlməsini kənardan müşahidə edirlər. Bu briqada üzvləri evə çatanda qapını açaraq həmin tibb işçilərini təhqir edərək yola salırlar. Amma bizdə 103 nömrəsinə daxil olan hər bir ünvana təcili yardım briqadası mütləq getməlidir. Onun yalançı və ya doğru olması ancaq həmin ünvanda dəqiqləşdirilir. Vətəndaşlar bilməlidir ki, burada təcili yardım əməkdaşlarının heç bir günahı yoxdur. Onların çağırılan ünvana getməsi vəzifə borcudur. Amma yalançı çağırışların verilməsi bizim işimizə mane olan məsələlərdən biridir. Belə insanlara üzümü tutaraq deyirəm ki, təcili yardımı həmin ünvana çağırmaqla hansısa xəstənin həyatı ilə oynanılır. Ağır bir xəstənin üzərinə təcili yardım lazım olduğu halda, lazımsız bir ünvana getməklə onun sağlamlığında müəyyən problemlər yaradır.

- Belə çağırışların qarşısını almaq üçün sistemin təkmilləşdirilməsinə nə dərəcədə ehtiyac var? Sizin bu məsələ ilə bağlı nə kimi tövsiyələriniz olardı?

- Bir neçə il öncə belə yalançı müraciətlərin sayı həddindən artıq çox idi. 2007-ci ildə ölkə başçısının sərəncamı ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı sərəncam imzlanıb. Bu sərəncamda stansiyanın maddi-texniki bazası qısa zamanda ciddi dəyişikliklər baş verib, yeni mərkəzi dispetçer xidməti yaradılıb. Bu xidmət sahəsi tam kompyuterləşdirilib, müasir tipli sanitar avtomobillərlə, onların içərisində xəstələrə ünvandan xəstəxanaya qədərki dövrdə lazım olan tibbi xidməti göstərmək üçün bütün avadanlıqlar təchiz edilib. Çətin relyefli ünvanlara getmək üçün isə xüsusi sanitar avtomobillər fəaliyyət göstərir. Eyni zamanda, yalançı çağırışların qarşısını almaq üçün bütün imkanlar var. Həmin ünvanlardan, ümumiyyətlə, stansiyaya daxil olan hər bir zəng, müraciət kompyuterin yaddaşında saxlanılır. Çağırışı verən şəxslə çağırışı qəbul edən dispetçer arasındakı danışıqlar kompyuterin yaddaşında saxlanılır. İstənilən vaxt həmin zənglərə qulaq asmaq və o nömrələri görmək mümkündür. Bunlar ərazi üzrə polis bölmələrinə təqdim edilir və onlarla birgə belə adamların qarşısını almaq üçün iş aparılır. 4-5 il bundan öncə yalançı çağırışların sayı 100-lərlə idisə, bu gün isə tək-tək belə hallarla qarşılaşırıq. Gün ərzində belə hallar 2-3, təsadüfü hallar da isə 5-ə çata bilər. Çünki daimi bu işlə məşğul olanlar bilirlər ki, belə nəzarət var. Artıq insanlar bilməlidirlər ki, 103 nömrəsinə daxil olan hər bir zəngin arxasındakı telefon nömrələri görünür. Zəng daxil olanda dispetçer bilir ki, hansı ünvan və ya telefondan ona zəng daxil olub. Ona görə də bu nöqteyi-nəzərdən son zamanlarda yersiz çağırışların sayı yox səviyyəsindədir. Amma hər halda 1 çağırış olsa belə bu stansiyanın işinə maneə yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə